×
A
A
A
Sazlamalar

Sosial Tədqiqatlar Mərkəzində müasir dövlət quruculuğu ilə əlaqədar müzakirələr aparılıb

Bakı, 17 iyul, AZƏRTAC

Sosial Tədqiqatlar Mərkəzində “Müasir dövlət quruculuğu, ictimai fikrin formalaşması - kəsişmələr və ziddiyyətlər” mövzusunda müzakirələr aparılıb.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli demokratik-dünyəvi və hüquqi dövlət quruculuğu sahəsində keçilmiş yola nəzər salaraq, hazırkı dövrün əsas çağırışlarını səsləndirib.
İdarəetmə modellərinin hüquqi fəlsəfəsini - Azərbaycan milli modelinin spesifikasını təhlil edən Milli Məclisin deputatı qanunları ictimai fikrə, adətə yaxınlaşdırmaqla bağlı atılan addımlardan bəhs edib.
Komitə sədri müxtəlif ictimai-siyasi formasiyalar daxilində Azərbaycanın hüquqi və ictimai dəyərlərinə yer verərək, müasir dövrün ideya-siyasi cərəyanlarına və dövlətqurma proseslərinə son 200 ilik tarixin təsiri haqda maraqlı və ənənəvi yanaşmalardan fərqli baxışlarından, siyasi institutların maarifçilik, təbliğat və təşviqatçı vəzifələrindən danışıb.
O, ictimai münasibətlərdə yaşanan prosesləri izah edərkən deyib ki, ziddiyyətlər təbii olsa da, konkret istiqamətimizi sırf milli kontekstdə davam etdirməliyik: Azərbaycan, Qafqaz ruhu model kimi təbliğ edilməlidir və həmin təbliğat konkret nümunələrlə əsaslandırılmalıdır.
Milli fikrin yad ideologiyalara qalib gəlməsi üçün Mərkəzin üzərinə düşən vəzifələrdən bəhs edən deputat deyib ki, inteqrasiya prosesini təbliğ etmək ən ümdə vəzifə olmalıdır: “Hesab edirəm ki, Sosial Tədqiqatlar Mərkəzi çox vacib bir qurumdur və üzərinə çox böyük və ciddi vəzifələr düşür. Hesab edirəm ki, yüksək intellektual potensialı olan qurum bu işin öhdəsindən layiqincə gələcək”.
Sonra Mərkəz əməkdaşların sualları cavablandırılıb.

Sosial 2019-07-17 16:57:00