×
A
A
A
Sazlamalar

Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 22 iyul – Milli Mətbuat Günü münasibətilə tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Aİİ-nin rektoru Ceyhun Məmmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində mətbuatımızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib. Rektor bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə və 1993-cü ildən sonrakı dövrdə bütün sahələrdə olduğu kimi, mətbuatda çalışanlara da xüsusi diqqət və qayğı göstərib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra hər il iyulun 22-si Milli Mətbuat Günü kimi qeyd olunur.
Ceyhun Məmmədov vurğulayıb ki, Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğuraraq, xalqımızın milli oyanışında, birliyinin möhkəmləndirilməsində böyük rol oynayıb. Rektor mətbuatın dövlət-din münasibətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmasını yüksək qiymətləndirib, media nümayəndələrini bu sahədə həyata keçirilən islahatları ictimaiyyətə çatdırmaqda daha da fəal olmağa çağırıb. Dünyada, xüsusilə din sahəsində baş verən dəyişikliklərin ictimaiyyətə çatdırılmasında fəal jurnalist mövqeyi ilə seçilən mətbuat nümayəndələrini 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib.
Media nümayəndələrini təbrik edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımızın xalqımızın maariflənməsində, milli dəyərlərin təbliğində mühüm vasitə olduğunu bildirib, Azərbaycanda medianın inkişafı istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində medianın rolu böyükdür.
Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan tədbirdə Aİİ-nin fəaliyyətini obyektiv işıqlandıran, fəallığı ilə seçilən media nümayəndələri təltif olunublar.

Elm və təhsil 2019-07-17 13:16:00