×
A
A
A
Sazlamalar

Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib

Bakı, 17 iyul, AZƏRTAC 

Bakıda Avropanın 17 ölkəsindən 34 hüquqşünas tələbənin iştirakı ilə V beynəlxalq “Yay hüquq məktəbi” təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə keçirilən tədbirin təşkilatçısı Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi olub.
ELSA-nın Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, insan alverinə qarşı mübarizəyə həsr edilən beynəlxalq tədbirin açılış mərasimi Dövlət Miqrasiya Xidmətinin inzibati binasında keçirilib.
Tədbirdə Prezident Administrasiyasının əməkdaşı Elşən Bayramov, Dövlət Miqrasiya Xidmətinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Ülvi Əliyev və Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Ramil Kazımov çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan institusional və qanunvericilik islahatları, eləcə də qanunsuz miqrasiyaya və insan alverinə qarşı aparılan uğurlu mübarizə barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, ELSA-nın Azərbaycan nümayəndəliyi ölkəmizdə bir neçə uğurlu beynəlxalq və yerli layihələr həyata keçirib. Hazırda təşkilat Vəkillər Kollegiyası ilə birlikdə “ProDemos - xalq üçün” maarifləndirmə layihəsini həyata keçirir. Layihənin məqsədi vətəndaşların sosial şəbəkələr vasitəsilə maarifləndirilməsi və ölkəmizdə aparılan hüquqi islahatlarını sadə və anlaşılan dildə onlara çatdırılmasıdır.
Yay məktəbi çərçivəsində əcnəbi tələbələrin Ali Məhkəməyə və “ASAN xidmət” mərkəzinə tanışlıq səfərləri təşkil olunub. Eləcə də Azərbaycanın tarixi və mədəniyyəti ilə tanışlıq məqsədilə iştirakçılar Heydər Əliyev Mərkəzini, Şəhidlər xiyabanını, Xalça Muzeyini, Qız qalasını ziyarət ediblər.
Avropanın 42 ölkəsində fəaliyyət göstərən ELSA beynəlxalq təşkilatı 230 universitetdə təhsil alan 40 mindən çox hüquqşünas tələbəni və gənc hüquqşünası sıralarında birləşdirir. Təşkilatın məqsədi Avropada gənc hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsinə, cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsinə, nəzəri biliklərinin praktiki tətbiqinə nail olmaqdır. Azərbaycan 2010-cu ildə ELSA beynəlxalq təşkilatına üzv olub. Ölkəmiz hazırda bu qurumun ən fəal üzvlərindən biridir.

Sosial 2019-07-17 12:59:00