×
A
A
A
Sazlamalar

Naxçıvan şəhərində tikinti-quraşdırma işlərinin həcmi artıb

Naxçıvan, 17 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 390 milyon 875,1 min manat vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin həcmi 3 faiz artaraq 378 milyon 977,4 min manat təşkil edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə səsləndirilib. Şəhər icra hakimiyyətinin başçısı Mirsənani Seyidov bildirib ki, ilin birinci yarısında iqtisadiyyatın, sənayenin, sosial-mədəni və infrastruktur sahələrin inkişafı, məşğulluğun səviyyəsinin artırılması istiqamətində bir sıra işlər görülüb.
M.Seyidov deyib: “Hesabat dövründə Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzinin, 2 yaşayış binasının, Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin Maye Qaz Anbarı və Qazdoldurma Stansiyasının, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksinin, 200 yerlik 2 nömrəli körpələr evi–uşaq bağçasının tikintisi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin inzibati binasının, 2 yaşayış binasının, Naxçıvan şəhərdaxili avtomobil yollarının, İlham Əliyev adına Olimpiya İdman Kompleksinin əsaslı təmiri və yenidən qurulması başa çatdırılıb. Hazırda Əlahiddə Ümumqoşun Ordu üçün mərkəzi hərbi xəstəxananın, hərbi zavodun, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin, 400 yerlik avtomobil parkının, Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının, “Naxçıvan Dəmir Yolları” MMC-nin inzibati binalarının, 5 nömrəli tam orta məktəb binasının, Cəmşid Naxçıvanskinin ev-muzeyinin, məscidin, 2 yaşayış binasının tikintisi, 3 yaşayış binasının əsaslı təmiri və yenidən qurulması, Yusif Küseyr oğlu türbəsinin bərpası, Naxçıvançay sahilində bulvarın yaradılması davam etdirilir”.
Qeyd edilib ki, yarım ildə Naxçıvan şəhərində 404 milyon 915,4 min manatlıq sənaye, 3 milyon 813,7 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Əvvəlki illərdə olduğu kimi, strateji əhəmiyyət kəsb edən taxılçılığın inkişafı bu il də diqqətdə saxlanılıb. Belə ki, cari ilin məhsulu üçün ötən ilin payızında 2095 hektar sahədə əkin aparılıb.
Vurğulanıb ki, hər il olduğu kimi, cari ildə də Naxçıvan şəhərinin yerli büdcəsi subsidiyasız planlaşdırılıb. İlin birinci yarısında 7 milyon 804,1 min manat plana qarşı, 8 milyon 192 min manat vəsait toplanıb ki, bu da plana 105 faiz əməl olunması deməkdir.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 8 fevral tarixli “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq 8,1 hektar yeni meyvə bağı salınıb, 11 hektarda bərpa işləri aparılıb.
Sosial-humanitar sahədəki inkişaf haqqında danışan M.Seyidov qeyd edib ki, əhalinin müdafiəsini təmin etmək üçün Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ödənişlərinə 27 milyon 440,2 min manat, sosial sığorta ödənişinə isə 561,3 min manat vəsait ödənilib. Altı ayda Naxçıvan şəhərində sağlamlıq imkanları məhdud 4 nəfərə mənzil, 34-nə köməkçi reabilitasiya vasitələri, 23 nəfərə əlil arabası, 5 nəfərə eşitmə aparatı verilib.
Bildirilib ki, ilin birinci yarısında Naxçıvan şəhərində müxtəlif idman növləri üzrə 30 muxtar respublika çempionatı, turniri və birinciliyi, 36 Naxçıvan şəhər turnir və birincilikləri keçirilib. Bu il Naxçıvan şəhəri 3 beynəlxalq yarışa ev sahibliyi edib. Yarım ildə Naxçıvan şəhərindən 155 idmançı beynəlxalq, Azərbaycan, 228-i isə muxtar respublika yarışlarının qalibi olub.
Çıxışının sonunda beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında yerli icra hakimiyyəti orqanlarının da qarşısına qoyulmuş vəzifələrə toxunan icra hakimiyyətinin başçısı qeyd edib ki, işə tələbkarlıq artırılmalı, nizam-intizama əməl edilməli, ailə təsərrüfatlarının inkişafı ilə bağlı yeni təkliflər hazırlanmalı, qabaqcıl ailə təsərrüfatlarının təcrübələri yayılmalı, bu təsərrüfatlarda istehsal olunmuş məhsulların satışına və ixracına köməklik göstərilməlidir.
Sonra çıxışlar olub.

Regionlar 2019-07-17 12:55:00