×
A
A
A
Sazlamalar

İmişlidə bu günədək 510 tonadək meyvə tədarük olunub

İmişli, 17 iyul, Mahir Babayev, AZƏRTAC

İmişlidə təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar ötən il rayondakı 784 hektar meyvə bağından 506 ton meyvə tədarük ediblər. Bağbanlar cari ildə də meyvə sahələrindən bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstəriblər. Bunun nəticəsində də bağlarda bol məhsul yetişib.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, artıq xeyli vaxtdır ki, imişlili bağbanlar yetişdirdikləri məhsulun yığımına başlayıblar. Qısa müddətdə bağlardan 509,9 ton meyvə yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 ton çoxdur. Tədarük olunan meyvənin 16,2 tonu alma, 21,3 tonu armud, 73,9 tonu ərik, 12,5 tonu albalı, 25,4 tonu şaftalı, 25,9 tonu gavalı, 186 tonu alça, 40,4 tonu gilas meyvəsidir.
Rayonun Şaverdilər, Göbəktala, Qaralar və Cavadxanlı kəndlərində fəaliyyət göstərən fermerlər meyvə yığımında fərqlənirlər.

 

Kənd təsərrüfatı 2019-07-17 12:48:00