×
A
A
A
Sazlamalar

SOCAR istiqrazlarının növbəti faiz ödənişi olunub

Bakı, 17 iyul, AZƏRTAC

Dollarda illik 5 faiz gəlir qazandıran və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının iyulun 17-də sayca 3-cü, ümumilikdə isə 11-ci faiz ödənişi edilib. Bununla da, istiqraz sahiblərinin ümumi gəliri 13 milyon 750 min dollara yüksəlib.
“SOCAR Capital” şirkətindən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilədək dövriyyəsi davam edəcək olan SOCAR istiqrazları üzrə qarşıdakı rüblərdə daha 9 dəfə faiz ödənişi ediləcək, bunun müqabilində də istiqraz sahibləri əlavə 11 milyon 250 min dollar qazanmış olacaqlar (ümumilikdə 25 milyon dollar.)
Hər istiqraz üçün 12,5 dollar olmaqla, ümumilikdə 1,25 milyon dollar vəsait bir həftə əvvəldən Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb.
Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alqı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 175 milyon dolları ötüb və Bakı Fond Birjasında ən çox alınıb-satılan korporativ qiymətli kağızdır – bu ilin ilk yarısında 240, ümumilikdə isə 1800 əqd bağlanıb.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan və 5 illik müddətə buraxılan SOCAR istiqrazlarının iyulun 17-də ümumi faiz ödənişlərinin artıq yarıdan çoxu yekunlaşmış olub.
İstiqrazlar üzrə növbəti faiz ödənişinin cari il oktyabrın 17-də baş tutacağı bildirilib.

 

Maliyyə 2019-07-17 11:25:00