×
A
A
A
Sazlamalar

Yanvar-iyun aylarında statistik vahidlərin sayı 5,3 faiz artıb

Bakı, 17 iyul, AZƏRTAC

İlin birinci yarısında statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 5,3 faiz artaraq iyulun 1-nə 137 min 226 olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, artım iqtisadiyyatın “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Nəqliyyat və anbar təsərrüfatı”, “Peşə, elmi və texniki fəaliyyət”, “Emal sənayesi”, “İnformasiya və rabitə” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələrində nəzərəçarpacaq dərəcədə olub. “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrindəki statistik vahidlərin xüsusi çəkisi daha yüksək olub. Xüsusi mülkiyyətə aid olan statistik vahidlərin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (29,2 faiz), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (20,6 faiz faiz), “Tikinti” (10 faiz), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (8,3 faiz), “Peşə, elmi və texniki fəaliyyət” (6,9 faiz) və “Emal sənayesi” (5,7 faiz) sahələrinin payına düşür. Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (27,5 faiz), İran (9,9 faiz), Böyük Britaniya (6,5 faiz), Rusiya (6,1 faiz), ABŞ (2,5 faiz) və Almaniya (1,5 faiz) ölkələrinin sahibkarları tərəfindən yaradılıb.
Bu müddətdə ləğv edilmiş statistik vahidlərin 18,4 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 16,9 faizi “Maliyyə və sığorta fəaliyyəti”, 14,2 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 13,6 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 6,3 faizi “Tikinti” və 6 faizi “Dövlət idarəetməsi və müdafiə; sosial təminat” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür. Yeni yaradılmış statistik vahidlərin 35,9 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 23,1 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 6,8 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 6,5 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 5,2 faizi “Tikinti”, 4,7 faizi “Emal sənayesi” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür. Statistik vahidlərin 98,8 faizi xüsusi mülkiyyətli (o cümlədən 12,2 faizi tam xarici investisiyalı, 2 faizi birgə mülkiyyətli), 0,1 faizi bələdiyyə mülkiyyətli, 1,1 faizi isə dövlət mülkiyyətli müəssisələrin payına düşür.
Qeydiyyatda olan statistik vahidlərin 56,9 faizi Bakıda yerləşir. Hesabat dövründə yeni yaradılmış statistik vahidlərin 81,5 faizi Bakıda, 4,8 faizi Aran, 4,4 faizi Abşeron, 2,7 faizi Gəncə-Qazax, 1,9 faizi Quba-Xaçmaz və 1,5 faizi Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıb. Statistik vahidlərin yaradılması prosesi Bakı şəhərində (7,5 faiz), Abşeron iqtisadi rayonunda (3,3 faiz), Quba-Xaçmaz iqtisadi rayonunda (3 faiz), Gəncə-Qazax iqtisadi rayonunda (2,3 faiz), Yuxarı Qarabağ iqtisadi rayonunda (2,2 faiz), Aran və Dağlıq Şirvan iqtisadi rayonlarında (2 faiz), Şəki-Zaqatala iqtisadi rayonunda (1,8 faiz) daha fəal olub.
Bu dövrdə Bakı şəhəri üzrə 220, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 25, Abşeron iqtisadi rayonu üzrə 16, Aran iqtisadi rayonu üzrə 15, Naxçıvan Muxtar Respublikası üzrə 13, Lənkəran iqtisadi rayonu üzrə 12, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 7, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 6, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə isə 4 statistik vahid ləğv edilib.

 

İqtisadiyyat 2019-07-17 10:53:00