×
A
A
A
Sazlamalar

DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub VİDEO

Bakı, 16 iyul, AZƏRTAC 

Bu il yaradılmasının 12-сi ildönümünü qeyd edən Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyası böyük inkişaf yolu keçərək qabaqсıl hərbi təhsil müəssisəsi səviyyəsinə yüksəlib. Ötən müddətdə DSX-nin Akademiyasında Azərbaycan dövlətçiliyinə sədaqətli, peşəkar sərhədçi zabitlərin hazırlanması, hərbi qulluqçuların döyüş hazırlığının təkmilləşdirilməsi, dövlət sərhədinin mühafizəsi və hərb sahəsində elmi tədqiqatların aparılması üçün mükəmməl elmi-pedaqoji potensial və ən yüksək standartlara cavab verən maddi-texniki baza formalaşdırılıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iyulun 16-da Dövlət Sərhəd Xidməti Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimi keçirilib. Dövlət Bayrağı Meydanında təşkil olunmuş mərasimdə DSX-nin rəhbər heyəti, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib. DSX rəisi Azərbaycanın hər bir sərhədçisi kimi onların da dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sərhədçisi adını daima uca tutacaqlarına inamını ifadə edib.
Tədbirdə Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən qayğı sayəsində əldə olunmuş xidməti nailiyyətlər haqqında məlumat verilib, dövlət bayrağımızın qısa müddətdə işğaldan azad ediləcək şəhər və kəndlərimizdə dalğalanacağı, Heydər Əliyev dövlətçiliyinin əsgəri olan Azərbaycan sərhədçilərinin Ali Baş Komandanın bütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə hər an hazır olmaları bildirilib.
Akademiyanı bitirən leytenantlara diplomlar təqdim olunduqdan sonra gənc zabitlər “Sərhədçi andı”nı qəbul ediblər. Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.
Tədbirdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev kursantların valideynləri və ailə üzvləri ilə görüşüb, gənc sərhədçi zabitləri vətənpərvər ruhda tərbiyə etdiklərinə görə onlara minnətdarlığını bildirib. E.Quliyev DSX rəisinin sabiq şəxsi heyət üzrə müavini mərhum general-mayor Məhəmməd Abbasquliyevin oğlu leytenant Əli Abbasquliyev ilə görüşərək DSX Akademiyasının məzunu olması münasibətilə onu təbrik edib, sərhədçi zabit nəslinin nümayəndəsi və atasının layiqli davamçısı kimi gələcək xidmətində uğur və müvəffəqiyyətlər arzulayıb.
Mərasimdən sonra gənc zabitlər Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Ordu 2019-07-16 20:44:00

Video