×
A
A
A
Sazlamalar

“Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları BDU-da olublar

Bakı, 16 iyul, AZƏRTAC

Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində təşkil edilən “Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları Bakı Dövlət Universitetində olub, “Elm və ali təhsil sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı” adlı dəyirmi masada iştirak ediblər.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva yay məktəbinin iştirakçılarını salamlayıb, bu il 100 illik yubileyini qeyd edən Bakı Dövlət Universitetinin tarixi, beynəlxalq əlaqələri və Rusiya universitetləri ilə qarşılıqlı əməkdaşlığından bəhs edib.
Sonra yay məktəbinin iştirakçıları universitetin tədris və tədqiqat laboratoriyaları, muzey və mərkəzləri ilə tanış olub, Rus Mərkəzinə baş çəkiblər.
Qeyd edək ki, yay məktəbində Rusiya Federasiyasından Samara Dövlət Texniki Universitetinin, Ural Dövlət Dağ-Mədən Universitetinin, Rusiya Dövlət İxtisas–Pedaqoji Universitetinin, Şimali Qafqaz Federal Universitetinin, Kuban Dövlət Universitetinin, Dağıstan Dövlət Universitetinin tələbələri, o cümlədən Azərbaycan ali məktəblərinin tələbələri iştirak edirlər.
Yay məktəbində Bakı Dövlət Universitetini Filologiya fakültəsinin III kurs tələbəsi Sona İsmayılova və IV kurs tələbəsi Zümrüd Məmmədova təmsil edir.

Elm və təhsil 2019-07-16 20:18:00