×
A
A
A
Sazlamalar

Yeni dərs ilində Lənkəranda 4 modul tipli məktəb istifadəyə veriləcək

Lənkəran, 16 iyul, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizin bütün regionlarında olduğu kimi, Lənkəran rayonunda da təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq son 15 ildə Lənkəranda 40-a yaxın yeni məktəb binası tikilərək müəllim və şagirdlərin ixtiyarına verilib.
Lənkəran Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, bu il rayonun dağlıq ərazisində yerləşən daha 4 kəndində - Alazəpin, Türkəngil, Köhnəgəgir və Jidi kənd ümumu orta məktəbləri üçün modul tipli məktəblərin quraşdırılması başa çatdırılıb. Məktəb binaları yeni dərs ilində istifadəyə veriləcək.
Bu il, həmçinin Heydər Əliyev Fondu tərəfindən Viravul kənd 2 nömrəli tam orta məktəbi üçün 360, dövlət vəsaiti hesabına Gəgiran kənd tam orta məktəbi üçün 264 və Şıxəkəran kənd tam orta məktəbi üçün 432 şagird yerlik yeni məktəb binaları inşa edilir.
Lənkəran şəhərindəki inteqrasiya təlimli internat tipli gimnaziyanın binası isə əsaslı təmir edilir.

Regionlar 2019-07-16 19:16:00