×
A
A
A
Sazlamalar

İnformasiya təhlükəsizliyinin təmin olunması problemi üzrə tədqiqatlar aparılıb

Bakı, 16 iyul, AZƏRTAC

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda bu ilin birinci yarısında informasiya təhlükəsizliyinin təmin olunması problemi üzrə tədqiqatlar aparılıb.
Bu barədə şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov hesabat məruzəsində məlumat verib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu problem üzrə “İntellektual texnologiyaların tətbiqi ilə uşaqların internetdə qorunması metodlarının işlənilməsi” mövzusunda tədqiqatlar aparılıb. İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə ziyanlı informasiyanın qarşısının alınması üçün konseptual model təklif olunub, internetdə uşaq və yeniyetmələrin uyğun olmayan fotolardan qorunması məqsədilə şəkillərin sanitarizasiyasını həyata keçirən yeni metod işlənib, eləcə də müvafiq qanunvericilik aktlarından irəli gələn texnoloji vəzifələr müəyyənləşdirilib.
Şöbə müdiri, həmçinin qeyd edib ki, “Biometrik texnologiyaların araşdırılması” problemi üzrə “İnsanın əl damarlarının izləri əsasında tanınması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusuna dair alqoritm və proqram təminatı işlənilib.
Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.

Elm və təhsil 2019-07-16 18:59:00