×
A
A
A
Sazlamalar

Dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur

Xaçmaz, 16 iyul, Elxan Yusifli, AZƏRTAC

Dini tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə iyulun 16-da Xaçmaz şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfransda bildirilib. Tədbirdə rayonun idarə, müəssisə, təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınlar, eyni zamanda, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər ölkəmizdə dini radikalizm və ekstremizmə qarşı səmərəli mübarizənin aparılması məqsədilə müxtəlif formatlarda keçirilən silsilə tədbirlərin önəmindən danışıblar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən digər aidiyyəti dövlət orqanları ilə birgə ölkədə dini ekstremizm və radikalizm meyillərinin qarşısını almaq məqsədilə aparılan ardıcıl və sistemli iş yüksək qiymətləndirilib.
Konfransda dini maarifləndirmə işinin əhəmiyyəti və bu prosesdə qadınların rolunun vacibliyi barədə məlumat verilib. Bildirilib ki, dini radikalizmə, ekstremizmə, tarixboyu dini dəyərlərin təhrifinə yol açan xurafata və cəmiyyəti zülmətə sürükləyən cəhalətə səbəb olan amillərin qarşısını almaq, Vətəninə faydalı, təhsilli, savadlı nəsil yetişdirmək üçün maarifləndirici tədbirlərin kəmiyyətini və keyfiyyətini artırmaq Dövlət Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.
Tədbir iştirakçılarına sosial şəbəkələrdə radikal dini qrupların apardığı dini təbliğatın məqsədi, metodları barəsində ətraflı məlumat verilib.
İkigünlük regional konfrans müzakirələrlə öz işini yekunlaşdırıb.

Regionlar 2019-07-16 18:53:00