×
A
A
A
Sazlamalar

Dövlət Dəniz Akademiyasının tələbələri “Zığ” Gəmi Təmiri və Tiktintisi Zavodunda təcrübə keçirlər

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Gəmi energetik qurğularının istismarı və onların mühəndisliyi” ixtisasının birinci kurs tələbələri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Zığ” Gəmi Təmiri və Tiktintisi Zavodunda istehsalat təcrübəsi keçirlər.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən AZƏRTAC-a bildirilib ki, təcrübə müddətində tələbələr zavodun strukturu və fəaliyyəti barədə məlumatlandırılacaq. Burada təcrübəçilər əsas və köməkçi sexlərlə yaxından tanış olacaqlar. Həmçinin peşəkar təmirçilər onlara gəmi dizel mühərriklərinin təmir texnologiyasının sirlərini öyrədəcəklər. Bununla belə, tələbələr təmir edilən mühərriklərin sınağını da nəzərdən keçirmək imkanı qazanacaqlar.
Zavoddakı təcrübə müddəti başa çatdıqdan sonra tələbələr bir aylıq fasilə edərək təcrübənin ikinci hissəsinə başlayacaq. Bu mərhələ gəmidə davam edəcək. Burada tələbələr gəmidəki qurğu və mexanizmlərlə yaxından tanış ola biləcəklər. Gənc dənizçilər hər bir gəminin aparıcı hissəsi sayılan maşın şöbəsindəki baş və köməkçi mühərriklərin istismarı, onlara göstərilən texniki xidmət prosesini izləyəcək. Təhlükəsizlik texnikası tədbirləri və növbə mexanikinin gördüyü işlərlə tanışlıq təcrübəçi tələbələr üçün mühazirə və məşğələlər zamanı aldıqları nəzəri biliklərinin tamamlanmasına geniş imkan yaradacaq.

Nəqliyyat 2019-07-16 18:29:00