×
A
A
A
Sazlamalar

Muxtar respublikada sığorta işinin həcmi 9,2 faiz artıb

Naxçıvan, 16 iyul, AZƏRTAC

Muxtar respublikada bu ilin birinci yarısında sığorta işinin həcmi 9,2 faiz artıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk yarısında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bağlanılmış sığorta müqavilələrinin sayı 737, daşınmaz əmlakın icbari sığortası üzrə bağlanılmış sığorta müqavilələrinin sayı isə 750 ədəd artıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində altı ayın yekunlarına dair keçirilən iclasda səsləndirilib.
Agentliyin baş direktoru Hikmət Əsgərov deyib ki, muxtar respublikada bu ilin birinci yarısında əhali arasında sığorta mədəniyyətinin inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib. İdarə, müəssisə və təşkilatlarda sığortanın mahiyyəti və əhəmiyyəti ilə bağlı mütəmadi olaraq yığıncaqlar keçirilib, vətəndaşlara, sahibkarlıq müəssisələrinə sığortanın ayrı-ayrı növləri ilə əlaqədar bildiriş vərəqələri verilib, məlumatlandırma işi aparılıb.
“Apreldə Dövlət Yol Polisi İdarəsi ilə birgə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının icrası vəziyyəti müzakirə olunub, bu sığorta növünün həyata keçirilməsində fərqlənən polis əməkdaşları mükafatlandırılıblar. Bundan əlavə, apreldə sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortasının həyata keçirilməsinin vəziyyəti barədə Fövqəladə Hallar Nazirliyinin və rayon, şəhər yanğın təhlükəsizlik idarələrinin əməkdaşları ilə birgə müşavirə keçirilib”, – deyə H.Əsgərov vurğulayıb. Deyib ki, hesabat dövründə agentlik Sədərək, Şərur və Babək rayonlarında icra hakimiyyətləri ilə birlikdə “Sığorta işinin təşkili, görülmüş işlər və qarşıda duran vəzifələrə dair” müşavirə, Şərur, Culfa, Babək rayonlarında isə maarifləndirici tədbirlər keçirib.
Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuş “Aqrar sahədə sığortanın tətbiqi ilə bağlı tədbirlərin gücləndirilməsi” tapşırığına əsasən yarım ildə agentlik tərəfindən kənd təsərrüfatı bitkilərinin sığortası ilə əlaqədar ayrı-ayrı vətəndaşlar, fermer təsərrüfatları arasında izahat işi aparılıb. Şərur, Şahbuz, Kəngərli, Babək rayonlarının kəndlərində səyyar xidmət qrupu tərəfindən sığorta xidməti göstərilərkən bütün sığorta növləri, o cümlədən kənd təsərrüfatı məhsullarının sığortasının mahiyyəti barədə fermerlərlə, kənd təsərrüfatı məhsulları istehsalçıları arasında maarifləndirmə işi həyata keçirilib. Altı ayda 625 vətəndaşa məxsus kənd təsərrüfatı bitkilərinin məhsulunun sığortası aparılıb.
Sonra çıxışlar olub.

Regionlar 2019-07-16 16:14:00