Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Maqali Tabui: Kanndakı sərgi bizə Azərbaycanın xalçaçılıq sənəti ilə yaxından tanışlığa imkan yaradır VİDEO

Kann, 16 iyul, AZƏRTAC

Kann şəhərinin sakinləri və meriyası burada Azərbaycan mədəniyyəti günlərinin yenidən təşkilindən çox razıdır. Bir neçə ildir ki, Heydər Əliyev Fondunun sayəsində sakinlərimiz və turistlərimiz Azərbaycan mədəniyyəti ilə tanış olurlar. Fürsətdən istifadə edib Fondun rəhbərliyinə təşəkkür edirəm. Heydər Əliyev Fondu ilə əməkdaşlığımız getdikcə daha da möhkəmlənir və onun sayəsində Kann ilə Azərbaycan arasında sıx əlaqələr mövcuddur. Fond Azərbaycanın mədəniyyətini, tarixini yüksək səviyyədə təbliğ edir.
Bu fikirləri Heydər Əliyev Fondu tərəfindən Kann şəhərində “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisinin açılışında iştirak edən Kann meriyasının beynəlxalq əlaqələr departamentinin rəhbəri Maqali Tabui AZƏRTAC-a müsahibəsində deyib.
Maqali Tabui bildirib ki, bu il təşkil olunan sərgi Azərbaycan xalçaçılığı ilə daha ətraflı tanışlığa imkan yaradır. Ümumiyyətlə, belə tədbirlər tərəfdaşlığımıza, eləcə də dünya şəhəri adlandırılan Kannda Azərbaycan mədəniyyətinin təşviqinə yeni təkan verir.
“Azərbaycan haqqında çox oxumuşam, ancaq ölkənizə getmək istəyirəm. Əminəm ki, biz gələcəkdə mədəniyyət və təhsil sahələrində yeni layihələr həyata keçirəcək və bir-birimizi qarşılıqlı olaraq daha yaxından tanıyacağıq”, - deyə Kann meriyasının rəsmisi vurğulayıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Kann

Mədəniyyət 2019-07-16 14:04:00

Video