×
A
A
A
Sazlamalar

Qazaxda kartof yığımına başlanılıb

Qazax, 16 iyul, Rauf Hacıyev, AZƏRTAC

Kənd təsərrüfatının digər sahələri kimi, kartofçuluq da Qazaxda ənənəvi sahələrdən hesab olunur. Statistik rəqəmlərin təhlili göstərir ki, son illərdə rayonda kənd təsərrüfatının ən çox inkişaf etmiş sahələrindən biri kartofçuluqdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2016-cı ildə rayonda 433 hektar sahədən 10 min 205 ton kartof tədarük olunub. 2017-ci ildə bu rəqəm 809 hektara çatdırılıb. Həmin il 376 hektar çox sahədə kartof becərən kəndlilər ümumilikdə 22 min ton məhsul əldə ediblər. Ötən il həm əkin sahəsi, həm də tədarük olunan məhsulun həcmi xeyli artıb. Belə ki, təhlükəli zərərvericilərə qarşı vaxtında aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində fermerlər kartof əkilmiş sahələrdə bol məhsul yetişdiriblər. Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq keçən il əkin sahələrini daha da genişləndirərək 1086 hektara çatdırıblar. Düzgün aparılmış aqrotexniki qulluq nəticəsində sahələrdən 29 min 865 ton məhsul toplanıb. Orta məhsuldarlıq isə hər hektara 275 sentner təşkil edib.
İldən-ilə kartof sahələrini genişləndirən qazaxlı sahibkarlar, ötən ilə nisbətən bu il əkin sahəsini 234 hektar artıraraq 1320 hektara çatdırıblar. Hazırda kartof yığımını davam etdirən fermerlər sahələrdən bu il də bol məhsul yığacaqlarına əmindirlər.

Kənd təsərrüfatı 2019-07-16 13:50:00