×
A
A
A
Sazlamalar

“Aqrolizinq”: Karbamid gübrəsi bütün regional nümayəndəliklərə və rayon bölmələrinə daşınır

Bakı, 16 iyul, AZƏRTAC 

“Aqrolizinq” ASC tərəfindən karbamid gübrəsinin bütün regional nümayəndəliklərə və rayon bölmələrinə daşınması həyata keçirilir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, xəbər verildiyi kimi, “Aqrolizinq” ilə “SOCAR Karbamid” MMC arasında 25 min ton karbamid gübrəsinin alınması üçün müqavilə imzalanıb. Müqavilənin imzalanması ASC tərəfindən 2018-2019-cu əkin ili üzrə qeydə alınan və 2019-2020-ci əkin ilində proqnozlaşdırılan əkin sahələrinin karbamid gübrəsinə olan tələbatın hesablanması əsasında həyata keçirilib. İyulun 15-də “SOCAR Karbamid” MMC-nin direktoru Xəyal Cəfərov və “Aqrolizinq” ASC-nin sədri Elmin Rəhmanovun iştirakı ilə karbamid məhsulunun ilk alqı-satqısı baş tutub.
Artıq ASC tərəfindən gübrələrin güzəştli satışa çıxarılmasını təmin etmək məqsədilə karbamid gübrəsinin bütün regional nümayəndəliklərə və rayon bölmələrinə daşınması həyata keçirilir. Fermer təsərrüfat subyektlərinin rəhbərləri və sahibkarlar bütün regional nümayəndəliklərə və rayon bölmələrinə müraciət edərək həmin gübrələri asanlıqla əldə edə bilərlər. “Aqrolizinq” tərəfindən əlavə olaraq gübrələmə mövsümündə cəmiyyətin bölmələrindən uzaqda yerləşən kəndlərdə karbamid gübrəsinin səyyar satışı da həyata keçiriləcək.
“Məhsul istehsalçılarının nəzərinə çatdırılır ki, yerli istehsal olan karbamid gübrəsi ötən illərdə xarici ölkələrdən gətirilən gübrələrdən daha ucuz qiymətə satılacaq, bu da ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı düşməsinə, məhsuldarlığının artmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına və daxili bazarda satışa çıxarılan keyfiyyətli məhsulların istehsalının artımına səbəb olacaq”, - deyə ASC-nin məlumatında bildirilir.
Azot gübrələri kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltməkdə həlledici rol oynayır. Bu gübrələr bütün torpaq-iqlim zonalarında yüksək effektivliyi ilə fərqlənir. Əksər mineral azot gübrələri suda yaxşı həll olunur, torpaqdan asan yuyulur. Azot gübrələrindən ammonyak nitrat və karbamid daha geniş yayılıb.
Karbamid azot gübrəsidir, tərkibində 46 faiz azot elementi var, suda asan həll olur, əsasən erkən yaz vaxtı əlavə yemləmələrdə, səpinlə birgə və bütün növ bitkilərin vegetasiya dövründə tətbiq edilə bilər. Azotlu gübrə olduğu üçün bitkilərdə yaşıl kütlənin artımına xidmət edir. Tərkibindəki azot nitratlar şəklində deyil, amidlər şəklində olduğu üçün bitkilərə daha xeyirlidir və daha yaxşı mənimsənilir. Karbamid gübrəsi həm qranullar şəklində, həm də suda həll olunmaqla tətbiq olunduğu üçün bitkilər tərəfindən həm torpaq, həm də yarpaqlar vasitəsilə mənimsənilə bilir. Yüksək hiqroskopikliyə malik olub, nitrifikasiya prosesi keçdikdən sonra torpaq reaksiyanın turşuluğunu artırır, bu səbəbdən də turş olmayan torpaqlar üçün məsləhət görülür.
Dünya təcrübəsində azot gübrəsi olaraq ammonium nitrat gübrəsinin istifadəsi artıq xeyli azalmaqdadır. Karbamid gübrəsi daha effektiv, daha ziyansız və ən əsası yerli istehsal olduğu üçün, məqsəd sözügedən gübrələrin daha geniş tətbiqinin təbliğini aparmaqdır.

 

Kənd təsərrüfatı 2019-07-16 13:33:00