×
A
A
A
Sazlamalar

Üç şəhər və “Şahdağ” Turizm Mərkəzinin tullantı sularını təmizləyən kompleks gələn il fəaliyyətə başlayacaq

Xaçmaz, 16 iyul, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayonunda sutkalıq məhsuldarlığı 70 min kubmetr olan tullantı sutəmizləyici qurğular kompleksi 2020-ci ildə istifadəyə veriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Gülalan kəndi ərazisində inşa olunan bu qurğuda Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin, həmçinin “Şahdağ” Turizm Mərkəzinin tullantı suları təmizlənib kənarlaşdırılacaq. Gələn ildən işə başlayacaq qurğunun tikintisi tam olaraq 2022-ci ildə başa çatdırılacaq.
Hazırda qurğunun əsas hissələrindən olan çirkab sularının toplanacağı havalandırma hovuzu tikilir. Bundan əvvəl çirkab suların sutəmizləyici qurğuya axıdılması üçün min metr, təmizlənmiş suyun isə qurğudan Qudyalçay hövzəsinə axıdılması üçün 1800 metrlik, diametri 1400 millimetr olan su şəbəkəsi çəkilib.
Sahə rəisi Çingiz Cəfərov deyib ki, tikinti sahəsi 10 hektar ərazini əhatə edir. Layihəyə əsasən, qurğu kompleksində durultma hovuzları, barmaqlıqlar, qumtucu və yağayırıcı kameralar, bio-fosfor, çökdürücü və təmizlənmiş suyun saxlanılması üçün çənlər, nasos stansiyaları, filtrlər, ultrabənövşəyi dezinfeksiya və digər sistemlər quraşdırılacaq. Tullantı sutəmizləyici qurğu kompleksində inzibati bina, kompressor, transformator və digər yardımçı tikililərin yaradılması da nəzərdə tutulur.
Qeyd edək ki, Quba, Qusar, Xaçmaz şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi tam başa çatıb. Bu şəhərlərin sakinləri fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub. İstifadə olunmuş suların kənarlaşdırılması məqsədilə kanalizasiya kollektoru, müxtəlif diametrli təzyiqli çirkab su xətləri çəkilib.

Regionlar 2019-07-16 13:22:00