×
A
A
A
Sazlamalar

Bərdədə keçirilən cüdo turnirində 9 şəhər və rayondan 237 idmançı iştirak edib

Bərdə, 16 iyul, AZƏRTAC

Bərdə şəhər 5 nömrəli tam orta məktəbdə Gənclər və İdman Nazirliyinin yaradılmasının 25 illiyi münasibətilə 2003-2005-ci, 2006-2008-ci və 2009-2011-ci il təvəllüdlü idmançılar arasında cüdo üzrə şəhər və rayonlararası turnir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov çıxış edərək 25 il əvvəl - iyulun 26-da ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə Gənclər və İdman Nazirliyinin yaradılmasından, qurumun vətənpərvər gəncliyin formalaşdırılmasında, onların ölkəmizin ictimai-siyasi həyatında, beynəlxalq münasibətlər sistemində iştirakında rolundan danışıb. Bildirib ki, bu gün Azərbaycan gəncliyi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə yüksək səviyyədə təmsil olunur, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırırlar.
Turnir yarışın baş hakimi Şahin Əhmədovun rəhbərliyi ilə 6 nəfərdən ibarət hakimlər heyəti tərəfindən idarə edilib. Yarışda 9 şəhər və rayondan 237 nəfər idmançı müxtəlif çəki dərəcələrində güclərini sınayıb. Gərgin mübarizə şəraitində keçən yarışın qalibləri müvafiq dərəcəli diplom və medallarla təltif olunub.

Regionlar 2019-07-16 12:35:00