×
A
A
A
Sazlamalar

Bakı metrosunda siqaret çəkən şəxs müəyyən edilərək cərimələnib VİDEO

Bakı, 16 iyul, AZƏRTAC

Bakı metrosundan istifadə qaydalarını pozaraq vaqonda siqaret çəkən şəxsin kimliyi məlum olub. Daxili İşlər Nazirliyinin (DİN) və Bakı Şəhər Baş Polis İdarəsi rəhbərliyinin göstərişi əsasında Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində videogörüntülərdəki şəxsin Sabunçu rayon sakini, əvvəllər məhkum edilmiş Fərəcullayev Ceyhun Vaqif oğlu olduğu müəyyənləşdirilib. Həmin görüntülərin isə iyulun 15-də “28 May” - “Həzi Aslanov” stansiyaları arasında hərəkət edən vaqonda lentə alındığı məlum olub. Metropolitendən istifadə qaydalarını pozan şəxs saxlanılaraq şöbəyə gətirilib. O, törətdiyi əməli etiraf edərək peşman olduğunu səmimiyyətlə bildirib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı Ceyhun Fərəcullayev barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 306.4-cü (Metropolitendən istifadə qaydalarının pozulması, keçidlərdə və platformalarda, vaqonlarda siqaret çəkmə) maddəsi ilə protokol tərtib edilib və o, cərimələnib.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, stansiya ərazilərində olan zaman qarşılaşdıqları qanun pozuntuları və digər xoşagəlməz hallar barədə istənilən vaxt Metropolitendə Polis Şöbəsinə dərhal məlumat versinlər.

Hadisə 2019-07-16 12:07:00

Video