×
A
A
A
Sazlamalar

İyulun 12-si və 14-də Yasamal Yaşayış Kompleksində mənzillərin növbəti seçimi həyata keçirilib

Bakı, 16 iyul, AZƏRTAC
Ölkə başçısının 2019-cu il 14 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda edilmiş dəyişikliklərə uyğun olaraq, ilk dəfə iyulun 12-də güzəştli mənzillərin öz vəsaiti hesabına, iyulun 14-də isə gözləmə qaydasında seçimi həyata keçirilib.
MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, mənzillərin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində reallaşdırılıb.
İyulun 12-də Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binalarında 10 mənzilin, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə isə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə seçimi qısa müddətdə başa çatıb. Bu mənzillərdən 43-ü 1 otaqlı, 146-sı 2 otaqlı, 64-ü isə 3 otaqlıdır. “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşların sayı 11 min 518 nəfər, 253 mənzilin seçimində iştirak edənlərin sayı 1906 nəfər olub.
Mənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər və ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər üstünlük təşkil edir.
İyulun 14-də gözləmə qaydasında iştirak edən 663 istifadəçidən 435-i mənzil seçimini uğurla başa çatdırıb. Qaydaya əsasən, satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Gözləmə qaydasında mənzillərin seçimi bu il iyulun 17–si saat 00:00-dək davam edəcək.
Yasamal Yaşayış Kompleksində qalan 827 mənzil ilin sonunadək həm güzəştli ipoteka krediti, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışa çıxarılacaq. Yaxın vaxtlarda mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.

Tikinti̇ 2019-07-16 11:18:00