×
A
A
A
Sazlamalar

Çində Azərbaycan Dillər Universitetinin tələbələri üçün yay düşərgəsi fəaliyyət göstərir

Bakı, 16 iyul, AZƏRTAC 

Azərbaycan Dillər Universitetinin (ADU) çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri üçün Çinin Xuçjou şəhərində yay məktəbi təşkil edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu ali təhsil ocağının rəsmi tərəfdaşı olan Xuçjou Universitetinin müəllimləri tərəfindən keçirilən təlimlərdə tələbələr Çin dilinə dair biliklərini təkmilləşdirir, Çinin tarixi və mədəniyyəti ilə tanış olur, həmçinin Çin incəsənətinə həsr olunmuş ustad dərslərində iştirak edirlər.
ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən keçirilən yay məktəbində iştirakçılar üçün Çinin ipək paytaxtı hesab olunan, öz mənzərəli Tayxu gölü və bambuk meşələri ilə tanınan Xuçjounun tarixi-mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunub. ADU-nun tələbələri ölkəmizin tarixi və mədəniyyətinə həsr olunmuş tədbir keçiriblər. Onlar çinlilərə Böyük İpək Yolu üzərində yerləşən, müasir və inkişaf edən Azərbaycan haqqında məlumat veriblər.
Tədbir çərçivəsində Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun Azərbaycan və Çin dilində nəşr edilmiş “Heydər Əliyev və Çin (seçilmiş müsahibələr, məktublar, çıxışlar)” kitabının təqdimatı keçirilib.

Elm və təhsil 2019-07-16 11:11:00