Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb

Bakı, 16 iyul, AZƏRTAC 

Bu gündən rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsabiqə şərtini ödəyən namizədlər iyulun 22-dək elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səhifə 5-7) seçib təsdiq etməlidirlər.
“Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilib. Bu nömrədə, həmçinin 2018-ci ildə rezidenturaya qəbul müsabiqəsində klinik bazaların ixtisasları üzrə formalaşmış keçid balları, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr də təqdim olunub.
Müsabiqə şərtini ödəyən namizədlərin qeydiyyatı iyulun 29-dan avqustun 2-dək, boş qalan yerlərə ixtisas seçimi avqustun 5-6-da, boş qalan yerlərə qəbul olan namizədlərin qeydiyyatı isə avqustun 8-9-da aparılacaq.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi iyulun 14-də 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib. İmtahanda iştirakı gözlənilən 447 namizədin hamısı imtahana gəlib. Namizədlərdən 351-i müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90‑dan az olmayan) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

Elm və təhsil 2019-07-16 10:55:00