Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

Bakı, 16 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Təhsil Nazirliyinin təşəbbüsü ilə “Ali təhsil müəssisələrində PR: strukturun və media ilə işin düzgün qurulması, hədəf auditoriyaları” mövzusunda təlim-konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev ümummilli lider Heydər Əliyevin təhsilə və kütləvi informasiya vasitələrinə (KİV) daim xüsusi önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Rektor ölkəmizdə KİV-lərin azad, demokratik şəraitdə fəaliyyətinə geniş imkanlar yaradıldığını diqqətə çatdırıb.
Təhsilimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışan Elçin Babayev 100 yaşı tamam olan BDU-nun fəaliyyəti barədə məlumat verib.
Rektor beş il əvvəl Təhsil Nazirliyinin təşəbbüsü ilə başlanan təlim-konfransın ilk iclasının Bakı Dövlət Universitetində keçirildiyini və ötən müddət ərzində bütün ali təhsil müəssisələrini əhatə etdiyini bildirib. Təlimin keçirilməsində əsas məqsədin ali təhsil ocaqları arasında əlaqə yaratmaq, vahid informasiya siyasəti qurmaq olduğunu bildirən Elçin Babayev mətbuat xidməti rəhbərlərinin bu sahədə bacarıq və peşəkarlıqlarının artırılması ilə bağlı müxtəlif mövzuların müzakirə olunduğunu da diqqətə çatdırıb. Rektor konfransın yaddaqalan, öyrədici və faydalı olacağına əminliyini ifadə edərək tədbir iştirakçılarını 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib.
Təhsil nazirinin müşaviri Elnur Məmmədov cəmiyyətdə təhsilin mühüm rolunu vurğulayıb. Müasir media ilə təhsil müəssisələri arasındakı əlaqələrlə bağlı fikirlərini bildirən Elnur Məmmədov təhsilin mediada doğru, düzgün və geniş şəkildə işıqlandırılmasının əhəmiyyətindən bəhs edib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov təlim-konfransda yeni mərhələnin başlandığını, bundan sonra təlimlərin ali təhsil müəssisələrinin rəhbərliyi ilə keçiriləcəyini bildirib. Cəsarət Valehovun moderatorluğu ilə davam edən konfransda BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova “PR: strukturun və media ilə işin düzgün qurulması… Hədəf auditoriyası kimdir?” mövzusunda təqdimat ediblər. Təqdimat müddətində auditoriya ilə interaktiv iş aparılıb, mətbuat katibləri hədəf auditoriyasının müəyyənləşdirilməsi, daxili PR-da yaşanan çətinliklər barədə danışıblar.
Təlim-konfransda “Alibayov” Kommunikasiya & Konsaltinq şirkətinin Baş direktoru Vəli Əlibəyov “Ali təhsil müəssisələrində ictimaiyyətlə əlaqələr fəaliyyətinin strategiyası və taktikası” mövzusunda təqdimat edib.
Təqdimatlar ətrafında müzakirələr aparılıb və təlim-konfrans işini çıxışlarla yekunlaşdırıb.

Elm və təhsil 2019-07-16 10:48:00