×
A
A
A
Sazlamalar

“YayFest” gənclər düşərgəsinə 500-dən çox iştirakçı qatılıb

Qusar, 15 iyul, Elxan Yusifli, AZƏRTAC

Şahdağ Turizm Mərkəzində təşkil olunan “YayFest” gənclər düşərgəsində Bakıdan və regionlardan müsabiqə əsasında seçilən 500-dən çox gənc iştirak edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun, Dövlət Turizm Agentliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə təşkil olunan düşərgə beş gün davam edəcək.
Düşərgənin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda vətənpərvərlik hislərinin gücləndirilməsi, təhsilin və sağlam həyat tərzinin təşviqindən ibarətdir.
Düşərgənin birinci günündə gənclərin təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə kütləvi fləşmob keçirilib və Ümummilli Liderin Qusar şəhərindəki abidəsi ziyarət olunub.
Düşərgənin gedişində gənclərlə azərbaycançılıq ideologiyası, tarix, incəsənət, sosial media, innovasiya və başqa mövzularda təlim və seminarlar təşkil edilir, görüşlərdə mühazirələr dinlənilir və müzakirələr aparılır. Həmçinin iştirakçılar komanda işlərinə, əyləncəli oyunlara, düşərgənin keçirildiyi regiondakı tarixi-mədəni və təbiət ərazilərinə səfərlərə cəlb olunacaq.
Hər günün sonunda gənclər üçün estrada ulduzlarının iştirakı ilə xüsusi konsert proqramı və filmlərin nümayişi təşkil edilir.
Layihə çərçivəsində gənclər üçün kütləvi hərbi-hazırlıq təlimləri də təşkil olunacaq. Təlimdə Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə müxtəlif tipli hərbi texnika, helikopter və pilotsuz uçuş aparatlarının döyüş qabiliyyəti, praktiki uçuş imkanları nümayiş etdiriləcək.
Gənclər düşərgəsində təlim, seminar, mühazirə və görüşlərə dövlət rəsmiləri, təlimçilər, ekspertlər, tanınmış incəsənət xadimləri və media nümayəndələri də qatılacaqlar.

Regionlar 2019-07-15 20:13:00