×
A
A
A
Sazlamalar

Masallıda Milli Qəhrəman Elşad Əhədovun xatirəsi ehtiramla anılıb

Masallı, 15 iyul, Bağır Əliyev, AZƏRTAC

İyulun 15-də Masallı rayonunun Təzə Alvadı kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın adını daşıyan parkda igid döyüşçünün abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Anım tədbiri Milli Qəhrəman Elşad Əhədovun adını daşıyan məktəbdə davam etdirilib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik, “Azərbaycan bayrağı” ordenli Mehdi Mehdiyev Milli Qəhrəman Elşad Əhədovun həyat və döyüş yolundan danışıb.
E.Əhədovun tələbə yoldaşı Mehdi Mehdiyev Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər Məktəbinin 50 illik yubiley medalını Milli Qəhrəmanın oğluna təqdim edib.
Milli Qəhrəmanın kursant yoldaşları - Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini, ehtiyatda olan polkovnik-leytenant Ariz Məmmədov, polkovnik-leytenant Adil Ağayev, ehtiyatda olan mayor Valeh İmanov, döyüşçü dostları - Maşallah Əliyev, Camaləddin Məmmədov Elşad Əhədovun Qarabağ müharibəsində göstərdiyi şücaətdən, onun fədakarlığından danışıblar.
Çıxış edənlər erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərimizin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə geri qaytarılacağı və şəhidlərimizin qisasının alınacağı günün uzaqda olmadığına əminliklərini bildiriblər.
Müharibə Veteranları Şurasının rayon bölməsinin sədri Məmmədağa Şiriyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi Nizami Nəbiyev, şair Qəni Bəxtəvər, Milli Qəhrəmanlar Birliyinin sədr müavini, Elşad Əhədovun sinif rəhbəri olmuş Yavər Yusubov igid həmyerlilərinin döyüş şücaətindən söz açıblar. Onlar şagirdləri Elşad Əhədov kimi vətənpərvər olmağa çağırıblar.
Milli Qəhrəmanın oğlu Elşən Əhədov tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Sonda məktəblilərin ifasında Milli Qəhrəmana həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim olunub.
Elşad Saday oğlu Əhədov 1968-ci il martın 4-də Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya göz açıb. C.Naxçıvanski adına Hərbi Liseyi, sonra Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər Məktəbini bitirən E.Əhədov 1989-cu ildə baş leytenant rütbəsi alaraq təyinatla Volqoqrad vilayətindəki hərbi hissələrdən birinə rota komandiri göndərilib. Gənc zabit bir müddətdən sonra doğma Vətənə qayıdaraq əvvəlcə Güzdək qəsəbəsində, sonra isə Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərib. Erməni işğalçılarının hərbi təcavüzündən hiddətlənən E.Əhədov döyüş bölgəsinə üz tutub. Gənc zabitin Füzuli rayonu ərazisindən başlayan döyüş yolu Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli və Şişqayaya davam edib. O, Beyləqanın müdafiəsində böyük rəşadət göstərib. Onun minaladığı sahəyə 8 düşmən tankı və onlarla erməni yaraqlısı düşərək məhv edilib.
İgid komandirin sonuncu döyüşü 1993-cü il dekabrın 11-də Ağdaş yüksəkliyi uğrunda olur. Qeyri-bərabər döyüşdə ağır yaralanan E.Əhədovun həyatını xilas etmək mümkün olmur. Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 14 dekabr tarixli Fərmanı ilə Elşad Əhədov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib, 1994-cü il 16 sentyabr tarixli Fərmanla isə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
E.Əhədov doğulduğu Masallı rayonunun Təzə Alvadı kəndində dəfn edilib. Kənd orta məktəbi və parkı Milli Qəhrəmanın adını daşıyır.

Regionlar 2019-07-15 19:30:00