×
A
A
A
Sazlamalar

Gürcüstan yarım ildə Azərbaycandan 97 min ton yanacaq alıb

Tbilisi, 15 iyul, AZƏRTAC
Cari ilin birinci yarısında Gürcüstan 494,3 min ton benzin və dizel yanacağı idxal edib. Bu da illik müqayisədə 228 min ton azdır.
AZƏRTAC Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadla xəbər verir ki, ölkənin idxal etdiyi yanacağın 259,7 min tonu benzin, 234,6 min tonu isə dizel yanacağı olub.
Hesabat dövründə Gürcüstan ən çox Rusiyadan benzin və dizel yanacağı idxal edib (151,8 min ton). Bu da Gürcüstanın ümumi yanacaq idxalının 30,7 faizini təşkil edib.
Yanvar-iyun aylarında Gürcüstan Rumıniyadan 130,2 min ton, Azərbaycandan 97 min ton, Bolqarıstandan 47 min ton, Türkmənistandan 42,6 min ton, Yunanıstandan isə 25,1 min ton yanacaq alıb.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

İqtisadiyyat 2019-07-15 19:14:00