×
A
A
A
Sazlamalar

Diaspor gəncləri ilə görüş olub

Bakı, 15 iyul, AZƏRTAC

“Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi” çərçivəsində təşkil olunan panellərdən birində rəsmi şəxslər iştirak ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin deputatı Tahir Mirkişili, “Regional İnkişaf” İctimai Birliyinin rəsmisi Cəmil Əliyev diaspor gəncləri ilə görüşüblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə dövlətin gənclər siyasəti, xaricdə yaşayan gənclərin şəbəkələşməsi, qaçqın və məcburi köçkün gənclərin problemləri ilə bağlı diaspor gənclərinin fəaliyyəti, könüllülük hərəkatının formalaşmasında gənclərin əsas funksiyaları və s. kimi mövzularda çıxışlar olub. Bununla yanaşı, paneldə Xocalı soyqırımı haqqında videotəqdimat keçirilib.
Sonra gənclərlə geniş və maraqlı müzakirə aparılıb, onların sualları cavablandırılıb.

Cəmiyyət 2019-07-15 18:11:00