×
A
A
A
Sazlamalar

Elektron inklüziv təhsildə sosial şəbəkələrin tətbiqi məsələləri araşdırılır

Bakı, 15 iyul, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda elektron inklüziv təhsildə sosial şəbəkələrin tətbiqi məsələləri araşdırılır.
Bu barədə şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayevin hesabat məruzəsində məlumat verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şöbə müdiri universitetlərdə elektron təhsilin keyfiyyətinin idarə edilməsi ilə bağlı aparılan tədqiqatları diqqətə çatdırıb. Bu məqsədlə elektron təhsildə biliklərin mənimsənilməsi üzrə mövcud metod və alqoritmlərin tədqiq olunduğunu söyləyib.
Firudin Ağayev, həmçinin cari ildə bulud texnologiyası əsasında inklüziv təhsil kontentlərinin formalaşması və elektron inklüziv tədris mühitində adaptiv texnologiyaların tətbiqi məsələlərinin araşdırıldığını, adaptiv texnologiyalardan istifadə edilməklə tədris materiallarının mənimsənilməsinə nəzarət üzrə metod və alqoritmlərin tədqiq olunduğunu deyib.
Elmi-innovasiya fəaliyyəti çərçivəsində görülmüş işlərdən danışan məruzəçi bu istiqamətdə yeni qrant layihələrində iştirak edildiyini diqqətə çatdırıb.
Sonda hesabatla bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Elm və təhsil 2019-07-15 17:53:00