×
A
A
A
Sazlamalar

Silahlı Qüvvələrin Hərbi Akademiyasında ingilis dili kursunun buraxılış mərasimi olub

Bakı, 15 iyul, AZƏRTAC 

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Fövqəladə Hallar Nazirliyinin (FHN) hərbi qulluqçuları və mülki əməkdaşları üçün təşkil olunan təməl və orta səviyyələr üzrə ingilis dili kursunun buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kursların peşəkar xarici dil mütəxəssisləri tərəfindən aparıldığını vurğulayan Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev bu kursların təşkilinin və keçirilməsinin əhəmiyyətini qeyd edib. Hərbi Akademiyanın rəisi məzunları təbrik edib və onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
FHN-nin Akademiyasının rəisi, general-mayor Baba Salayev kursların keçirilməsində əsas məqsədin əməkdaşların xarici dil biliklərinin artırılması olduğunu bildirib.
Qeyd olunub ki, belə fəaliyyətlər iki qurum arasında əməkdaşlığın inkişafına və möhkəmlənməsinə xidmət edir və gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.
Sonda məzunlara diplom və sertifikatlar təqdim olunub.

Ordu 2019-07-15 17:04:00