Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Oğuz taxılçıları indiyədək zəmilərdən 50 min tonadək məhsul toplayıblar

Oğuz, 15 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası yekunlaşmaq üzrədir. Cari mövsümdə rayonda 16 min 87 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulurdu. Bu günədək 16 min 58 hektar sahənin məhsulu biçilib, 49 min 816 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 31 sentnerdir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, tədarük edilən taxılın 12 min 683 tonu arpa, 37 min 133 tonu isə buğdadır. Arpa sahələrində hər hektardan orta məhsuldarlıq 30,8 sentner, buğda zəmilərində isə 31,1 sentnerdir.
Ümumilikdə, biçin kampaniyasına 58 kombayn və digər texnikalar cəlb edilib. Hələlik biçilməmiş 29 hektar taxıl sahəsi qalır.
Xatırladaq ki, ötənilki mövsümdə oğuzlu fermerlər 16 min 531 hektar taxıl sahəsindən 50 min tonadək məhsul tədarük ediblər. Hər hektardan orta məhsuldarlıq 30 sentnerdən yüksək olub.

Kənd təsərrüfatı 2019-07-15 16:57:00