Pol Makkartni və Rinqo Starr Los-Ancelesdə konsertdə birgə çıxış ediblər
Bakı, 15 iyul, AZƏRTAC
Əfsanəvi “The Beatles” qrupunun bas-gitaraçısı Pol Makkartni “Freshen Up” turnesi çərçivəsində qrupun digər keçmiş iştirakçısı Rinqo Starr ilə birlikdə Los-Ancelesdə çıxış edib. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı CNN telekanalı yayıb.
P.Makkartninin qastrollarının son konserti “Dodger Stadium” idman arenasında keçirilib. O, tamaşaçılara bildirib ki, onları sürpriz gözləyir. “Bizim özümüz, sizin, hamımız üçün sürprizimiz var. Xanımlar və cənablar, bənzərsiz və misilsiz Rinqo Starr qarşınızdadır”, - deyə Makkartni zaldakıları sevindirib. Elə həmin anda səhnəyə zərb alət gətirilib, onun ardınca da “The Beatles”in təbilçisinin özü görünüb.
P.Makkartni və R.Starr tamaşaçıların sürəkli alqış sədaları altında qucaqlaşıblar. Sonra “Sgt. Pepper's Lonely Hearts Club Band” və “Helter Skelter” mahnılarını ifa ediblər.
Xatırladaq ki, “The Beatles” qrupu 1960-cı ildə yaradılıb, 1970-ci ildə isə fəaliyyətini dayandırıb. Qrup dağılandan sonra onun iştirakçıları Con Lennon (1940-1980), Pol Makkartni, Corc Harrison (1943-2001) və Rinqo Starr solo karyeraya başlayıblar. “The Rolling Stones” jurnalı bütün zəmanələrin ən böyük ifaçıları siyahısında birinci yeri “The Beatles” qrupuna verib. Jurnalın versiyasına görə, qrupun “Sgt. Pepper's Lonely Hearts Club Band” plastinkası 500 ən yaxşı albom reytinqinə başçılıq edib. “The Beatles” hit-paradlarda birinci yeri tutan kompozisiyaların sayına görə, həm Böyük Britaniyada, həm də ABŞ-da tarixi liderdir.
"Xalqın mədəni sərvəti" layihəsi davam edir
İçərişəhərdə bərpa olunmuş nadir fotolardan ibarət sərgi açılıb
“Ulduz” jurnalının bu il üçün ilk sayı çapdan çıxıb