×
A
A
A
Sazlamalar

Rusiya-Azərbaycan: Sənaye kooperasiyası genişlənir

Moskva, 15 iyul, AZƏRTAC

Yekaterinburqda “İNNOPROM-2019” Onuncu Beynəlxalq Sənaye Sərgisində dünyanın 80 ölkəsini təmsil edən 50 mindən çox nümayəndə iştirak edib. Azərbaycan nümayəndə heyəti bu sərginin ən böyük nümayəndə heyətlərindən biri olub. RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev də bu sərgidə olub. Deputat AZƏRTAC-a müsahibəsində bu barədə məlumat verib.

-Dmitri İvanoviç, “İNNOPROM-2019” öz sələflərindən prinsipcə nə ilə fərqlənirdi?
-Qeyd etməliyəm ki, bu sərgi bir növ yubiley sərgisi idi – sayca onuncu olduğuna görə. İşgüzar dairələrin nümayəndələri bu tədbirə böyük maraq göstərirdi. Mən şəxsən şahid oldum ki, günün ikinci yarısında stendlər arasından keçmək çətin idi: Sərgiyə gələnlər inanılmaz dərəcədə çox idi. Konfrans zallarında keçirilən tədbirlər zamanı orada boş yer yox idi. Əməkdaşlar dinləyicilər üçün əlavə stullar gətirməli olurdu. “İNNOPROM-2019” müəyyən mənada rekord göstərdi: ekspozisiyada 14 milli stend vardı. Bunlardan biri də Azərbaycan stendi idi.
-Məlumdur ki, sərgi çərçivəsində RF Sənaye və Ticarət naziri Denis Manturovla Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin növbəti görüşü olub. Nazirlər nə barədə söhbət ediblər?
-Qeyd edilib ki, cari ilin ilk üç ayı ərzində ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi 2018-ci ilin müvafiq dövrü ilə mübarizədə 10 faiz artaraq, 561 milyon dollara çatıb. Qarşılıqlı malgöndərmələrin həcmində bir sevindirici məqam müşahidə olunur: əksər hallarda ölkələr bir-birinə xammal deyil, yüksək dərəcədə emal olunmuş məhsullar göndərirlər. “İNNOPROM-2019” sərgisində nazirlə bərabər iyirmidən çox maşınqayırma müəssisəsinin, habelə iri nəqliyyat və hasilat şirkətlərinin rəhbərləri də gəlmişdi. Onlar Rusiyanın bir sıra müəssisələri ilə əməkdaşlıq edirlər. Buna görə də görüşdə kadrların qarşılıqlı inkişaf etdirilməsi və onların ixtisasının artırılması, habelə təcrübə mübadiləsi və texnoloji yeniliklərin mübadiləsi barədə söhbət oldu. Bilavasitə sərgi çərçivəsində bir neçə mühüm saziş imzalandı.
-Obrazlı şəkildə desək, Rusiya-Azərbaycan əməkdaşlığı “göydə də, yerdə də, dənizdə də” inkişaf edir. Yəqin ki, bu sazişlər iqtisadiyyatın çox sahələrini əhatə edir...
-Hətta yerin altında da. Bakı Metropoliteni uzun illərdir ki, Moskvadakı “Metrovaqonmaş” ASC ilə əməkdaşlıq edir. Bunu demək kifayətdir ki, Bakı metrosunun bütün vaqonları Rusiyada istehsal edilib. Hazırda metro qatarlarının yenilənməsi proqramı çərçivəsində bizim mütəxəssislər Bakı üçün altı yeni qatar hazırlayır. Bu sahədə əməkdaşlığın daha bir perspektivli istiqaməti var: Rusiyada “Azərbaycan Dəmir Yolları” QSC üçün də vaqonlar hazırlanır. Dəmiryol sahəsindən söz düşmüşkən, Uraldakı “Sinara qrupu” ilə Azərbaycanda transformatorlar və kabel məhsulları istehsal edən, həmçinin dəmir yollarının elektrikləşdirilməsi tədbirlərini həyata keçirən “ATEF Group” arasında bağlanmış müqaviləni də qeyd etmək istərdim. Rusiya şirkətlər qrupu bu məqsədlə öz tərəfdaşlarına yedək qatarı, habelə yolların salınması və təmiri üçün texnika göndərəcək. Lakin əməkdaşlıq bununla məhdudlaşmır. Tərəflər energetika sahəsində birgə layihələrin həyata keçirilməsi barədə də razılığa gəliblər.
-Belə təsəvvür yaranır ki, bağlanmış müqavilələrin əksəriyyəti nəqliyyat sahəsinə aiddir. Bu, nə ilə əlaqədardır?
-Təsadüfi deyil ki, nəqliyyatı iqtisadiyyatın lokomotivi adlandırırlar. Olduqca dinamik şəkildə inkişaf edən Azərbaycan sənayesi üçün nəqliyyatın xüsusi əhəmiyyəti var. Məsələn, Gəncə avtomobil zavodu 2015-ci ildən öz istehsal sahələrində “KamAZ” yük avtomobilləri yığır. Rusiyanın bu avtomobil nəhəngi ilə əməkdaşlıq durmadan inkişaf edir. “İNNOPROM-2019” sərgisində Azərbaycana maşın dəstlərinin 400 milyon rubl dəyərində növbəti partiyasının göndərilməsi barədə müqavilə imzalanıb. Onu da deyim ki, yaxın vaxtlarda yük maşınlarının model çeşidi genişlənəcək.
Yeri gəlmişkən, sizin qeyd etdiyiniz “göylərdə əməkdaşlıq” barədə də deməyə sözüm var. Rusiyanın “Vertolyotı Rossii” şirkəti ilə Azərbaycanın “Silk Way Helicopter Services” müəssisəsi bu günlərdə kontrakt imzalayıblar. Azərbaycan müəssisəsinin bazasında “Mi” tipli helikopterlərə texniki xidmət və təmir işləri görüləcək.
-“İNNOPROM-2019” sərgisinin Yekaterinburqda keçirilməsini nəzərə alsaq, belə deyə bilərikmi ki, Ural ilə Azərbaycan arasında sıx regionlararası əməkdaşlıq yaranıb?
-Əlbəttə. Bunu demək kifayətdir ki, Uralın paytaxtında Azərbaycanın Baş konsulluğu fəaliyyət göstərir, Yekaterinburq ilə Bakı arasında birbaşa aviasiya əlaqəsi nizamlanıb. Uraldakı “Sinara qrupu” barədə yuxarıda qeyd etdim, lakin “Uralximmaş” publik səhmdar cəmiyyətinin də adını çəkmək olar. Bu müəssisə 2000-ci illərin əvvəlində öz məhsullarını Azərbaycana ixrac edirdi. Sonradan bəzi səbəblər üzündən əməkdaşlıqda fasilə yarandı və indi “Uralximmaş” Azərbaycan bazarına qayıtmağı planlaşdırır.
Başa çatmış “İNNOPROM-2019” sərgisi həm regionlararası münasibətlər, həm də ölkələrimiz arasında qlobal əməkdaşlığın miqyası baxımından mühüm tədbir idi. İndi Azərbaycan öz sənaye potensialını uğurla inkişaf etdirir, bu cür sərgilər isə Rusiya-Azərbaycan kooperasiyası naminə işgüzar dairələr arasında əlaqələri təmin edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

İqtisadiyyat 2019-07-15 14:56:00