×
A
A
A
Sazlamalar

Salyanda 17,2 kilometrlik avtomobil yolu yenidən qurulur

Bakı, 15 iyul, AZƏRTAC 

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində Salyan rayonunda 17,2 kilometrlik yerli əhəmiyyətli Abadkənd-Kolanı-Xələc-Yenikənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, avtomobil yolunun yenidən qurulmasında məqsəd yolboyu yaşayan 10 mindən çox əhalinin rahat gediş-gəlişini təmin etmək, Salyan şəhər mərkəzinə və Bakı-Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yoluna, həmçinin Salyan-Şirvan avtomobil yolu vasitəsilə Hacıqabul-Bəhrəmtəpə-Mincivan və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yollarına rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Yenidənqurma işləri çərçivəsində yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir və yolun eni 10 metrə qədər genişləndirilir. Buraya 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Ümumilikdə yolboyu müxtəlif diametrlərə malik 476 poqonmetr uzunluğunda metal və dəmir-beton suötürücü borular quraşdırılır.
Tikinti layihəsinin sonuncu mərhələsində zəruri olan yerlərdə 2 avtobus dayanacağının tikintisi, 17 kilometr göstəricinin, 110 yol nişanı və məlumatverici lövhənin, 160 siqnal dirəyinin quraşdırılması nəzərdə tutulub. Həmçinin yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə yaxın müddət ərzində sözügedən yolda müasir yol infrastrukturu yaradılacaq.

 

Regionlar 2019-07-15 12:51:00