×
A
A
A
Sazlamalar

İlin ilk 5 ayında təzə meyvə ixracı 36,8 faiz artıb

Bakı, 15 iyul, AZƏRTAC

Yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən - təzə tərəvəz ixracı 19,7 faiz, təzə meyvə 36,8 faiz, kartof 18,2 faiz, şəkər 3,9 faiz, tütün 1,7 dəfə, meyvə və tərəvəz şirələri 31,4 faiz, meyvə və tərəvəz konservləri 11 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 28,8 faiz, pambıq lifi 2,9 dəfə, pambıq ipliyi 1,6 dəfə, qara metallardan yarımfabrikatlar 5,7 dəfə, bentonit gili 20,3 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu müddətdə çay ixracı isə 1,3 faiz, bitki yağları 25,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu 25,2 faiz, polietilen 4,9 faiz, emal olunmamış alüminium 16,3 faiz, qara metallardan borular 77,4 faiz azalıb.
Ötən ilin yanvar-may ayları ilə müqayisədə bu il buğda idxalı 14,6 faiz, təzə meyvə 4,6 faiz, xam şəkər və şəkər 6,2 dəfə, kartof 13,3 faiz, çay 2,9 faiz, quş əti və onun əlavə məhsulları 18 faiz, mal əti 0,7 faiz, təzə tərəvəz 39,3 faiz, minik avtomobilləri 2,2 dəfə, qara metallardan çubuqlar 20,7 faiz, hesablama maşınları, blok və qurğuları 42 faiz, mebellər 8,9 faiz, rezin şinlər 3,6 faiz, polietilen 20 faiz, məişət kondisionerləri 1,9 dəfə, yük avtomobilləri 1,7 dəfə, paltaryuyan maşınlar 1,1 faiz, qara metallardan künclüklər 15,9 faiz, avtobuslar 1,9 dəfə artıb.
Bitki yağı idxalı isə 23,3 faiz, siqaret 39 faiz, kərə yağı, digər süd yağları və pastaları 11,6 faiz, qara metallardan borular 6,9 faiz, polad prokatı 2,7 faiz, mineral gübrələr 5,6 faiz, sement və sement klinkerləri 29,5 faiz, məişət soyuducuları isə 9,1 faiz azalıb.

İqtisadiyyat 2019-07-15 12:49:00