×
A
A
A
Sazlamalar

Qubada superintensiv meyvə bağlarının sahəsi 1800 hektara çatdırılıb VİDEO

Quba, 15 iyul, Elxan Yusifli, AZƏRTAC

Quba rayonunda müasirtipli superintensiv meyvə bağlarının salınmasına maraq artıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son illər rayonda superintensiv meyvə bağlarının sahəsi artırılaraq 1800 hektara çatdırılıb. Bu bağların 1000 hektarında alma əkilib.
Rayonda intensiv meyvə bağlarının salınmasında əsas məqsəd xarici bazarlara çıxarılabilən rəqabətqabiliyyətli məhsul istehsal etməkdir. Qubadakı mövcud alma bağlarının təxminən 60 faizi 30-40 il əvvəl salınıb. Həmin bağlar bioloji inkişaf dövrünü başa vurmuş hesab olunur. Bu səbəbdən fermerlər yeni superintensiv tipli meyvə bağları salmaqda maraqlıdır.
Ölkə ərazisində istehsal olunan meyvənin həcminin artırılması xarici məhsula tələbatı azaltmaqla yanaşı, yerli fermerlərin iqtisadi vəziyyətinə də müsbət təsir göstərir. Məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm rol oynayır.
Fermer Əli Musayev rayonun Pirvahid kəndində 10 hektar sahədə müasir tipli bağ salıb. Damcı üsulu ilə suvarılan bu bağlarda işlər tam mexanikləşdirilib. Plastik borulara vurulan su avtomatik olaraq ağaclara verilir. Yeni sistem 30 hektar ərazini bir günə suvarmaq imkanı yaradır. Bu isə öz növbəsində həm vaxt itkisinin həm də su məsrəfinin qarşısını alır.
“Superintensiv müasir bağ salmışıq. On hektarı gilas bağıdır. Gələcəkdə armud və alma bağları da salmaq planımız var. Gilasın 5-6 növünü becəririk. Ənənəvi bağlarla müqayisədə superintensiv bağların becərilməsi tam fərqlidir. Buna görə də belə bağların əkilməsində mütəxəssis rəyi lazımdır. Əvvəllər təsərrüfat sahiblərinin əkdiyi tinglər köhnə qaydada arqotexniki qulluq olunduğu üçün sıradan çıxırdı. İndi isə fermerlər mütəxəssislə məsləhətləşmədən bağ salmağa ehtiyat edirdilər. Bu sahə üzrə kifayət qədər mütəxəssisin olması biz fermerlərin işini asanlaşdırıb”, - deyə Ə.Musayev bildirib.
Superintensiv bağçılığın üstün cəhətlərindən biri də meyvə tinginin elə əkildiyi il məhsula düşməsidir. Lakin mütəxəssislər həmin meyvəni ağacda saxlamamağı tövsiyə edirlər. Ənənəvi bağlardan fərqli olaraq burda xüsusi aqrotexniki qulluq aparılmalıdır.
Həmin bağlarda əkilən sortlar ənənəvi bağlardan 3-4 dəfə daha çox məhsul verir. Ənənəvi bağların hər hektarından 20-25 ton məhsul yığılırsa, superintensiv bağçılıqda bu göstərici 60-70 ton arasında dəyişir. Müasir bağlarda alma ağaclarının ara məsafəsi 1 metrdən də az olur. Belə olan halda bir hektara düşən meyvə tinginin sayı artır və nəticədə məhsuldarlıq da çox olur.
Hazırda Quba rayonunda ümumilikdə 17 min 900 hektar meyvə bağı var.

Regionlar 2019-07-15 12:20:00

Video