×
A
A
A
Sazlamalar

Avqustdakı növbəti hərracda özəlləşdirməyə 80 dövlət əmlakı çıxarılıb

Bakı, 15 iyul, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) təşkil etdiyi növbəti hərraclardan biri avqustun 14-də keçiriləcək.
Komitədən AZƏRTAC-a bildirilib ki, dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı ƏMDK-nın keçirdiyi hərraclara elektron formada qoşulma üstünlüyü rahat və şəffaf mühiti təmin edərək prosesdə aktiv iştiraka şərait yaradır. Sifarişlərin onlayn formada verilməsi, o cümlədən virtual formada hərracda iştirak fürsətləri vətəndaş məmnunluğuna istiqamətlənib. Hərrac günü sifarişçilərlə yanaşı, digər şəxslər də hərracı qeydiyyatsız formada həm onlayn (https://e-emdk.gov.az/eHerrac), həm də Əmlak Xidmətləri Məkanına getməklə canlı formada izləyə bilər.
Avqustdakı növbəti hərracda özəlləşdirməyə 80 dövlət əmlakı çıxarılıb. Bunlardan 46-sı kiçik dövlət müəssisə və obyekti, 22-si səhmdar cəmiyyəti, 9-u qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Bu dövlət obyektlərinin faydalı sahəsi 20 kvadratmetr ilə 3 min 312 kvadratmetr arasındadır. Müəssisələr arasında Sumqayıt, Balakən və Qaxda Əmlak kompleksləri, Şəkidə istirahət zonası, paytaxtla yanaşı, digər regionlarda ticarət və xidmət sahəsi üzrə fəaliyyət göstərən dövlət əmlakları var. Sumqayıt şəhəri, Heydər Əliyev prospektindəki ticarət obyektinin faydalı sahəsi 629.9 kvadratmetrdir. Bu dövlət əmlakı binanın 1-ci və 2-ci mərtəbələrində yerləşir.
Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 5-i Bakıda, 4-ü isə Sumqayıtda yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 21,7 kvadratmetr ilə 140 kvadratmetr arasındadır. Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektindəki dövlət əmlakının faydalı sahəsi 27,9 kvadratmetrdir. Bu dövlət əmlakı investor tərəfindən ofis və ya xidmət obyekti kimi istifadə oluna bilər.
Səhmdar cəmiyyətlərinin hərraca çıxarılan səhm paketləri ümumi səhmlərin 30-45 faizini təşkil edir. Dövlət əmlakları Bakı, Ağcabədi, Yevlax, Şirvan kimi şəhər və rayonlarda yerləşir. Potensial investorlar “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Neftçala Ət”, “Şıxlar broyler” kimi səhmdar cəmiyyətləri üzrə seçim edə bilər.
“Mitsubishi”, “Fiat” və “Nissan” markalarından olan nəqliyyat vasitələrinin buraxılış tarixləri 1997-2007-ci illərdir. Avtomobillər üçün təyin olunan ilkin hərrac qiyməti isə 3 min manat ilə 4 min 200 manat arasındadır. Özəlləşməyə çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumat əldə etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

İqtisadiyyat 2019-07-15 11:52:00