×
A
A
A
Sazlamalar

“SOCAR karbamid”in gübrə məhsulunun “Aqrolizinq”ə ilk satışı həyata keçirilib

Bakı, 15 iyul, AZƏRTAC

SOCAR-ın Karbamid zavodunda istehsal olunan karbamid məhsulunun Azərbaycanın əsas gübrə tədarükçülərindən olan “Aqrolizinq” ASC-yə ilk satışı həyata keçirilib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar keçirilən mərasimdə Karbamid zavodunun direktoru Xəyal Cəfərov və “Aqrolizinq” ASC-nin sədri Elmin Rəhmanov iştirak ediblər.
Bildirilib ki, əsas vəzifələrindən biri yerli sahibkar və fermerləri güzəştli şərtlər əsasında gübrə məhsulu ilə təmin etmək olan “Aqrolizinq” ASC indiyədək karbamid tədarükünü idxal yolu ilə həyata keçirib. SOCAR-ın Karbamid zavodunun fəaliyyətə başlaması ilə bu sahədə idxaldan asılılıq aradan qaldırıldığından, artıq karbamid gübrəsinin “Aqrolizinq” tərəfindən həmin zavoddan alınması və güzəştli şərtlərlə yerli sahibkar və fermerlərə tədarük edilməsi planlaşdırılır.
May ayından daxili və xarici bazarlarda gübrə satışına başlayan Karbamid zavodunda hazırkı dövrədək təxminən 60 min ton karbamid istehsal edilib və bu məhsulun təxminən 45 min tonu tender yolu ilə əsasən Türkiyə və Ukrayna bazarlarına, habelə yerli bazarda “Azfert” MMC-yə satılıb. Hazırda zavodda istehsal edilən karbamidin tədarükü avtomobil və dəniz yolları vasitəsilə həyata keçirilir, yaxın gələcəkdə zəruri infrastrukturun yaradılmasından sonra məhsulun əsasən dəmir yolu vasitəsilə tədarük edilməsi nəzərdə tutulur.
X.Cəfərov deyib: “Bu, bizim “Aqrolizinq” ASC ilə ilk əməkdaşlığımızdır. Bu əməkdaşlıq nəticəsində ölkə fermerlərinin ən keyfiyyətli gübrə məhsullarından olan karbamiddən münasib qiymətlərlə istifadəsinə imkan yaranır. Bu isə öz növbəsində məhsuldarlığın yüksəlməsinə, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı düşməsinə gətirib çıxaracaq”.
E.Rəhmanov isə SOCAR-ın Karbamid zavodu ilə əməkdaşlığı yüksək dəyərləndirərək bildirib: “İnanıram ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən həyata keçirilmiş karbamid zavodu layihəsinin uğurla başa çatdırılması və zavodun istehsala başlaması ölkənin kənd təsərrüfatının inkişafında xüsusi rol oynayacaq, yerli istehsal olan karbamid gübrəsi kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə töhfə verəcək”.
Xatırladaq ki, Sumqayıtda yerləşən və illik 650-660 min ton karbamid istehsalı gücünə malik olan SOCAR-ın Karbamid zavodu bu il yanvarın 16-da istismara verilib. Zavodun istehsal həcminin təqribən 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 milyon dollaradək əlavə gəlirin daxil olmasına imkan yaradacaq.

İqtisadiyyat 2019-07-15 10:54:00