×
A
A
A
Sazlamalar

Asiya İnfrastruktur İnvestisiya Bankının növbəti illik iclası Pekində keçiriləcək

Pekin, 13 iyul, AZƏRTAC

Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 5-ci illik iclası 2020-ci ilin iyulunda Çinin paytaxtı Pekində keçiriləcək.
AZƏRTAC AİİB-in Pekindəki mənzil-qərargahına istinadla xəbər verir ki, bu barədə qərar bankın Lüksemburqda keçirilən 4-cü iclasının yekununda qəbul olunub. Bu, bankın Pekində keçiriləcək ikinci iclası olacaq. AİİB-in 2016-cı ildə ilk iclası da Pekində təşkil olunmuşdu.
Qeyd edək ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılan bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələri maliyyələşdirir. Bank fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla, 18 ölkədə 45 layihəyə, ümumilikdə, 8,5 milyard dollar kredit ayırıb. AİİB 2016-cı ilin dekabrında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon dollar kredit verib.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

İqtisadiyyat 2019-07-13 22:30:00