×
A
A
A
Sazlamalar

“Kanal 35” televiziyasının 15 illiyi qeyd olunub

Naxçıvan, 13 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində “Kanal 35” Televiziyasının yaradılmasının 15 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə hər iki rəhbərliyi dövründə mətbuata göstərdiyi qayğıdan danışıb, həmin dövrlərdə kütləvi informasiya vasitələrinin yaradıcılıq imkanlarının xeyli artırıldığını vurğulayıb. Bildirib ki, ötən əsrin 70-ci illərində sovet rejiminin sərt qadağalarına və senzuranın olmasına baxmayaraq, Ulu Öndərin milliləşdirmə siyasəti, milli özünüdərkə qayıdış sahəsində həyata keçirdiyi tədbirlər mətbuatı da əhatə edib, teleradio və mətbuatda Azərbaycan dilinin istifadə imkanları genişləndirilib, xalqımızın milli dəyərlərinin təbliğinə diqqət artırılıb. Ulu Öndər ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycanda müstəqil mətbuat formalaşıb, senzura ləğv edilib, bu sahədə zəngin qanunvericilik bazası yaradılıb.
Qeyd olunub ki, bu gün ölkə Prezidentinin diqqət və qayğısı ilə teleradio və qəzetlərin fəaliyyət istiqamətləri xeyli genişləndirilib.
Naxçıvan Muxtar Respublikasında da medianın inkişafı yeni dövrün çağırışları nəzərə alınaraq həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov teleradio və qəzetlərin fəaliyyətini daim diqqətdə saxlayır, onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində kompleks tədbirlər görülür. Muxtar respublika teleradioları dünyada bu sahədə tətbiq olunan ən müasir maddi-texniki bazaya, o cümlədən yayım avadanlıqlarına malikdir. Rəqəmsal və yüksəkkeyfiyyətli yayıma keçilməsi, İP televiziyanın tətbiqi, bütün yaşayış məntəqələrində televiziya yayımının təşkil olunması və sürətli internetə çıxış imkanının yaradılması insanların keyfiyyətli informasiya ilə təmin olunmasına imkan verir. Görülən işlər “Kanal 35” televiziyasını da əhatə edib. 2004-cü ildə ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 35 illiyi münasibətilə yaradılmış televiziya ötən dövrdə mühüm inkişaf mərhələsi keçmişdir.
Ülvi Hüseynli deyib: Ötən dövrdə Ali Məclis Sədrinin qayğısı ilə “Kanal 35” televiziyasının fəaliyyəti də xeyli genişlənib, efir vaxtı artırılıb, müasir televiziya avadanlıqları qurulub. Həmçinin televiziyanın yubileyləri qeyd olunub, əməkdaşlar mükafatlandırılıb. “Kanal 35” televiziyasının 15 illik yubileyinin ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinin qeyd olunduğu gündə keçirilməsi mühüm əhəmiyyət daşıyır və məsuliyyəti daha da artırır. Ona görə də kollektiv fəaliyyətini bundan sonra da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəyyənləşdirdiyi vəzifələrin icrası istiqamətində qurmalıdır.
Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov çıxışında bildirib ki, “Kanal 35” televiziyası 2004-cü ilin 14 iyul tarixində nazirliyin Radio-Televiziya Ötürücü Mərkəzinin nəzdində fəaliyyətə başlayıb. Ötən dövrdə göstərilən dövlət qayğısı hesabına televiziya müasir avadanlıqlarla təmin olunub, kadr potensialı artırılıb. İlk yayım dövründən başlayaraq öz fəaliyyətini maarifçilik prinsipləri üzərində quran televiziya muxtar respublika teleməkanında böyük tamaşaçı auditoriyası qazanıb.
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova bildirib ki, “Kanal 35” televiziyasının yaradılması muxtar respublika rəhbərinin Ulu Öndərin əziz xatirəsinə böyük ehtiramının ifadəsidir. Qeyd edib ki, tamaşaçıların elmi dünyagörüşünü, məlumatlılığını artırmaq, milli-mənəvi dəyərlər aşılayan, yeniyetmə və gənclərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edən verilişlərin hazırlanması, əhalinin maarifləndirilməsi “Kanal 35” televiziyasının əsas prinsiplərindəndir. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının televiziya ilə əlaqələri yaradıcılıq əməkdaşlığı şəklində qurulub, şura əməkdaşları televiziyanın yaradıcı işinə öz töhfələrini verməyə çalışırlar.
Sonra Televiziya və Radio Verilişləri Redaksiyasının baş redaktoru Elçin Əsədovun, “Naxçıvanın səsi” radiosunun bədii rəhbəri Səriyyə Alməmmədovanın, “Şərq qapısı” qəzetinin şöbə müdiri Səbuhi Həsənovun çıxışları dinlənilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2019-cu il 11 iyul tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında televiziya işi sahəsində səmərəli fəaliyyətlərinə görə “Kanal 35” televiziyasının 4 əməkdaşı “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.
Sonra “Rəşadətli əməyə görə” nişanı əməkdaşlara təqdim edilib.
Təltif olunanlardan Rauf Əliyev əməklərinə verilən yüksək qiymətə və göstərilən etimada görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Sonda “Kanal 35” televiziyasının fəaliyyətindən bəhs edən filmə baxış olub.

Regionlar 2019-07-13 23:16:00