×
A
A
A
Sazlamalar

Bu gün Azərbaycanın beş güləşçisi Yaşar Doğu turnirində mübarizə aparıb

Bakı, 13 iyul, AZƏRTAC

İstanbulda tanınmış türk pəhləvanı, Olimpiya çempionu Yaşar Doğunun xatirəsinə həsr olunan sərbəst və qadın güləşi üzrə beynəlxalq turnirin üçüncü günündə Azərbaycanın beş idmançısı mübarizə aparıb.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, Mahal Novruzov (74 kq) debütdə Türkiyə təmsilçisinə məğlub olub. Murad Süleymanov (86 kq) isə komanda yoldaşı Aleksandr Qostiyevə uduzub - 2:3.
Rio Olimpiadasının gümüş medalçısı Səlim Yaşara qalib gələn A.Qostiyev (*6:6) yarımfinala yüksəlib. Bu mərhələdə Slovakiya təmsilçisi Boris Makoyevi də məğlub edən (2:0) güləşçimiz finala vəsiqə qazanıb. A.Qostiyev finala vəsiqə qazandığı üçün Murad Süleymanov da bürünc medal uğrunda mübarizə aparmaq imkanı əldə edib. M.Süleymanov bürünc medal uğrunda Türkiyə idmançısı Səlim Yaşar ilə qarşılaşacaq.
Mübarizəyə dörddəbir finaldan qoşulan Şamil Zubairov (92 kq) da Türkiyə idmançısı Erhan Yaylacını (6:4) üstələyərək adını yarımfinala yazdırıb. Ancaq amerikalı Maykl Tbori Koks gənc güləşçimiz üçün keçilməz olub.
Aslanbek Alborov (97 kq) isə Hindistan güləşçisi Sativart Kadianı təsnifat mərhələsində üstələyib (11:0). Qırğızıstan güləşçisi Maqomed Musayevi (6:1) də yolundan kənarlaşdıran təmsilçimiz yarımfinala adlayıb. Lakin pəhləvanımız finalın bir addımlığında İran güləşçisi Əli Xəlil Şabanibenqara müqavimət göstərə bilməyib.
Təsəlliverici görüşlər və medal qarşılaşmaları iyulun 14-də keçiriləcək.

İdman 2019-07-13 19:17:00