×
A
A
A
Sazlamalar

Sumqayıtda böyük bayram konserti

Sumqayıt, 13 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtın baş meydanında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş bayram konserti təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konsertin aparıcıları 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublikanın bütün sahələrində tamamilə yeni dövr başladığı, böyük intibahın təməlinin qoyulduğunu vurğulayıblar. Bildirilib ki, Ümummilli Lider müdrikliyi, qətiyyəti, uzaqgörənliyi və əsl liderlik keyfiyyətləri ilə qısa müddət ərzində respublikamızı keçmiş SSRİ-nin inkişaf edən ölkələrindən birinə çevirib.
Bu gün öz intibahının yeni mərhələsini yaşayan Sumqayıtın da sovet hakimiyyəti dövründə inkişafı nəinki keçmiş SSRİ-də, bütün dünyada tanınması Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə Heydər Əliyevin böyük qayğısı sayəsində şəhər tarixinin ən əlamətdar səhifələri yazılıb. Sumqayıtlılar Ulu Öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Şəhərin sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində bu dahi insanın əvəzsiz xidmətləri danılmaz bir faktdır. Ölkəmizə rəhbərliyi müddətində 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin tarixinə mühüm hadisə kimi yazılıb. Bu il şəhər statusu verilməsinin 70 yaşı tamam olan Sumqayıt ötən əsrin 40-cı illərinin sonunda salınsa da, məhz ulu öndər Heydər Əliyevin birinci dəfə ölkəmizə rəhbərliyi illərində bu şəhər inkişaf yoluna qədəm qoydu.
Vurğulanıb ki, Sumqayıt bu gün Ümummilli Liderin ən layiqli davamçısı İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunub. Sumqayıt İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasəti nəticəsində Ulu Öndərin vaxtilə qarşıya qoyduğu hədəflərə yaxınlaşaraq möhtəşəm nailiyyətlər əldə edib.
Konsertdə şəhərin bədii özfəaliyyət kollektivlərinin və solistlərin təqdim etdiyi biri birindən maraqlı, rəngarəng çıxışları böyük maraqla qarşılanıb.

Regionlar 2019-07-13 18:07:00