×
A
A
A
Sazlamalar

Anar İbrahimov: 1969-cu ildən Ulu Öndərin həyata keçirdiyi milli siyasət Azərbaycanı müstəqilliyə hazırladı

Naxçıvan, 13 iyul, Rauf Kəngərli, AZƏRTAC

Hər hansı bir xalqın ən çətin dövrlərində ortaya çıxan tarixi şəxsiyyətlər həmin xalqın məhv olan ümidlərinə yenidən həyat verir, onu bəlalardan qurtarır, ölkənin inkişafını təmin edir. Görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizin, xalqımızın gələcəyinə yönəlmiş tarixi missiyası da məhz belə yüksək amallara xidmət edib. Buna görə də 14 iyulda milli tariximizdə mühüm əhəmiyyəti olan, geniş nəzər salındıqda isə bütövlükdə, Azərbaycanı təcəssüm etdirən böyük bir zamanı – Azərbaycanda Heydər Əliyev epoxasının 50 illiyini sevinclə qeyd edirik.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov deyib. O bildirib ki, tarixdə şəxsiyyət fenomeni, onun konkret tarixi mərhələdə oynadığı rol və bütün bunların, bütövlükdə, millətin, cəmiyyətin, dövlətin, regionun sonrakı inkişaf mərhələlərində buraxdığı iz haqqında nəinki geniş bəhs edilib, hətta bu fenomen çoxsaylı elmi araşdırmaların mövzuları sırasında yer alıb. Bir qayda olaraq, böyük şəxsiyyətlərin nəhəngliyinin görünməsi, dərk edilməsində zaman amili əhəmiyyətli rol oynasa da, o şəxslərdən az bir qisminin tarixdəki rolu, həyata keçirdiyi işlərin mahiyyəti hələ sağlığında ikən təsdiqini tapıb və cəmiyyət tərəfindən qəbul olunub.
Anar İbrahimov deyib: “Tarixi, eləcə də ictimai-siyasi proseslərin gedişinin yenidən dərk edilməsi hər zaman bu və ya digər şəxsiyyətin həmin proseslərdəki əhəmiyyətli rolu ilə bağlı bir çox gerçəklikləri ortaya qoyub. Həmin şəxsiyyət olmasaydı proseslər necə inkişaf edər, hansı kəmiyyət və keyfiyyət dəyişikliyi ortaya çıxardı sualı obyektiv olaraq hər birimizi düşündürüb. Həqiqət ondan ibarətdir ki, şəxsiyyətlər tarixi yaradır və bu proses qanunauyğun şəkildə cəmiyyətin sonrakı inkişaf proseslərinə təkan verir, yeni siyasi və ictimai reallığı ortaya çıxarır. Şəxsiyyətin miqyası, onun qarşısında duran tarixi məqsəd və vəzifənin miqyasının tam dərk edilməsi zaman meyarı ilə sıx bağlıdır. Lakin bu şəxsiyyətlərin içindən elə nəhəng şəxsiyyətlər çıxır ki, onların həm ictimai-siyasi fəaliyyəti, həm də siyasi mübarizəsi və siyasi irsi hələ sağlığında millət və cəmiyyət üçün aktual olur. Bu gün siyasi leksikonumuza daxil olan, eləcə də akademik dairələrin, kütləvi informasiya vasitələrinin də tez-tez müraciət etdiyi “qloballaşan dünya” məfhumu, öz növbəsində, siyasi identikliyin, özünəməxsusluğun və özünüdərk problemlərini də önə çəkməyə bilməz. Siyasətə, ictimai-siyasi, qismən də sosial-iqtisadi proseslərə baxışa dair liberal, mühafizəkar, sosialist və sair bu kimi ideoloji yanaşma da ortadan getməyib, sadəcə, yeni siyasi duruma görə transformasiya edilməkdədir. Bütün bu proseslərin arxasında bəzən milli dövlət və onun gətirdiyi, ya da onunla sıx bağlı olan məfhumlar ikinci plana çəkilməyə cəhd edilir. Lakin etiraf etməliyik ki, onlar öz aktuallığını nəinki itirməyib, əksinə, cəmiyyətimizin milli özünüdərki, milli dövlətimizin isə dəyişən dünyada öz yerini tapmasında müstəsna əhəmiyyətə malikdir. Heydər Əliyev dühası və uzaqgörənliyi həm də ondadır ki, o, Azərbaycan xalqı, cəmiyyəti və dövləti üçün süni olaraq biçilən liberal, millətçi və kosmopolit ideologiyasını bir növü rədd edərək, xalqın və dövlətin maraqlarına cavab verən, bütün mütərəqqi və indiki siyasi dillə desək, innovativ ideyalardan qaynaqlanan, mahiyyətcə milli olan azərbaycançılıq ideyasını ilk olaraq uzaq 1992-ci ildə Yeni Azərbaycan Partiyasının, sonradan isə bütövlüklə Azərbaycan dövlətinin əsas ideologemasına çevirə bilib”.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının icra katibi vurğulayıb ki, ulu öndərimiz Heydər Əliyevin təklif etdiyi azərbaycançılıq ideyası, əslində, “vətəndaş millətçiliyi” ideologiyasının konkret ictimai-siyasi zamanda ən uğurlu təqdimatı və tətbiqi idi. “Hər birimizin bir Vətəni var, bu da Azərbaycandır”, - deyən Ulu Öndərin dilindən, etnik mənşəyindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını, eləcə də müstəqil Azərbaycanı özünə vətən sayanları məhz bu cür həm milli, eyni zamanda, universal olan azərbaycançılıq ideyası ətrafında birləşdirməsi sonrakı inkişafımızın sağlam və möhkəm ideoloji əsaslarının yaradılmasında mühüm rol oynayıb. Dövlət suverenliyimizin və müstəqilliyimizin yenidən itirilməsi təhlükəsi ilə üzləşdiyi zaman Ümummilli Liderimizin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması sırf klassik siyasi partiya kimi deyil, daha çox cəmiyyəti və dövləti həmin təhdidlərdən qorumaq üçün hamılıqla qəbul edilən alternativin təqdim edilməsi idi.
“Müasir sosial elmlərdə şəxsiyyətə xitabən siyasi irs anlayışı onun dünyagörüşü, ideoloji görüşlərinin məcmusu, həm ayrıca olaraq yuxarıda sadaladığımız faktorların, ümumiyyətlə, prosesin özünəməxsusluğunu izah edən anlayış kimi istifadə olunmaqdadır. Əgər bu prizmadan baxsaq, o zaman Ümummilli Liderin həm həyatı, həm də bir siyasi xadim kimi fəaliyyəti zamanı yaşadığı dövrdə yeniliyi və özünəməxsusluğu ilə seçildiyi qənaətinə gələ bilərik”, - deyən Anar İbrahimov qeyd edib ki, istər Sovetlər İttifaqı zamanı, yəni, fərqli sosial-iqtisadi formasiyadakı fəaliyyəti dövründə, istərsə də sonrakı mərhələdə - yeni və müstəqil Azərbaycanın təşəkkül tapmasında oynadığı rol, heç şübhəsiz ki, Ümummilli Lideri müasir tariximizin fövqəladə amilinə çevirib. Bu, həm keyfiyyət, həm də xronoloji baxımdan belədir. Heydər Əliyev siyasi irsinin mənbəyində xalqının tükənməz yaradıcılıq potensialına, onun tarixi missiyasına hədsiz inam dayanırdısa, strateji məqsədlərə çatmaqda istinad mənbəyi də xalqı idi. Bu, bir faktdır ki, xalqımızın potensialının üzə çıxması, səfərbər olunması baxımından tariximizdə heç bir şəxsiyyət və qüvvə dahi şəxsiyyət Heydər Əliyevin, bu mənada, oynadığı rolun müəyyən səviyyəsinə belə yaxınlaşa bilməyib. Hələ Sovetlər Birliyi kimi nəhəng dövlətdə mahiyyətcə milli bir siyasət yeritməyə cəsarət edib ona nail olan dahi Heydər Əliyev o dövrün bütün ideoloji məhdudiyyətlərinə baxmayaraq, həyata keçirdiyi milli siyasəti ilə faktiki olaraq xalqının müstəqilliyə hazırlığı baxımından tarixi bir missiyanı uğurla başa çatdıra bilib. Azərbaycanın keçən əsrdə ikinci dəfə qazandığı müstəqilliyinin təhlükə ilə üzləşdiyi zaman isə ulu öndər Heydər Əliyevin yenidən ölkəyə rəhbərlik etməsi həm xilaskarlıq missiyası, həm də sonrakı dövrdə onun dünyagörüşünün və ideoloji prioritetlərinin həyata keçirilməsi ilə nəticələndi. Müstəqillik dövrü Azərbaycanın siyasi və ictimai fikrində Heydər Əliyev düşüncəsi yeni, təkrarlanmayan reallıqlar gətirdi. İstər daxili, istərsə xarici siyasətdə, mədəniyyət, təhsil, bir sözlə, bütün sferalarda Ümummilli Liderimizin yaratdığı irs müasir Azərbaycan dövlətçiliyinin sütunlarını təşkil etdi. Müasir Azərbaycan dövlətinin konstitusion əsaslarını, demokratik tranzit məsələsini, seçki və məhkəmə institutlarının möhkəmləndirilməsi, dayanıqlı iqtisadi inkişaf konsepsiyasının hazırlanıb həyata keçirilməsi, xarici siyasət strategiyası, ordu quruculuğu prosesi, bir sözlə, bütün sahələr Heydər Əliyev düşüncə tərzinin məhsulu kimi bu gün də dövlətçiliyimizin əsasında durmaqdadır.
Anar İbrahimov deyib: “Milli kimliyimizin formalaşmasında Ulu Öndərimizin azərbaycançılıq ideyası, heç şübhəsiz, Azərbaycan dövlətinin ideoloji dayaqları arasında xüsusi yer tutmaqdadır. Məhz bütün bunlara görə müstəqil Azərbaycan Heydər Əliyev dühasının məhsulu və onun şah əsəridir”.

Regionlar 2019-07-13 17:15:00