×
A
A
A
Sazlamalar

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Lənkəran, 13 iyul, Bağır Əliyev, AZƏRTAC

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasının Zəncan şəhərində “El” Milli Teatr Festivalında iştirak edib.
Teatrın direktoru Tofiq Heydərovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, iyulun 8-dən 12-dək davam edən festivalda kukla, pantomim, komediya, faciə janrlarının müxtəlif səhnələrdə və küçə tamaşaları şəklində nümayişləri olub.
Lənkəran Dövlət Dram Teatrı bu sənət yarışmasına Emil Əskərovun müəllifi və quruluşçu rejissoru olduğu “Sehirbazlar dərəsi” nağıl-tamaşası ilə qatılıb.
Süjet xətti Azərbaycan folklorunun ənənələrindən qaynaqlanan bu səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları respublikanın Əməkdar artisti Sucəddin Mirzəyev, aktyorlar Emin Fərzullayev və Sayad Əliyev ifa ediblər.
Festivalın bağlanış mərasimində Lənkəran Dövlət Dram Teatrı təşkilat komitəsi tərəfindən diplom və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.

 

Regionlar 2019-07-13 16:43:00