×
A
A
A
Sazlamalar

Zülmət dolu günlərdən işıqlı gələcəyə doğru

Bakı, 13 iyul, AZƏRTAC

İnsan var ki, adı tarixə yazılır, insan da var ki, tarixi o yaradır. Ümummilli lider Heydər Əliyev sözün əsl mənasında tarix yaradan bir şəxsiyyətdir. Bəlkə də elə bu səbəbdəndir ki, insan özündə cürət tapıb onun haqda nəsə yazanda keçmiş zamanda deyil, qeyri-ixtiyari olaraq indiki zamanda yazır. Çünki, Azərbaycan dövlətinə, onun sosial, iqtisadi, siyasi, mədəni və bir sözlə bütün aspektlərinə baxanda hər yerdə dahi şəxsiyyət Heydər Əliyev dühasının vurduğu möhürü, müəyyənləşdirdiyi yolu görürsən. Ulu Öndər Azərbaycanı azərbaycanlıların ixtiyarına verən və Azərbaycan xalqı “öz taleyinin sahibidir” – deyən ilk böyük dövlət xadimimizdir. Ümummilli dəyərləri ideoloji baxımdan ilk dəfə təsbit edən şəxsiyyətdir Heydər Əliyev. Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqı naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha da aydın görünür. Məhz Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutdu.
1969-cu ildə Heydər Əliyevin respublikanın siyasi rəhbərliyinə gəlişindən sonra Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-mədəni həyatında köklü dəyişikliklərin əsası qoyuldu. Öz miqyasına görə həmin dəyişikliklər Azərbaycanın müasir inkişaf tarixinin ən dolğun səhifələrini təşkil edir. Qətiyyətlə deyə bilərik ki, Ümummilli Liderin respublikaya rəhbərliyinin birinci dövründə gördüyü işlər sonralar müstəqil Azərbaycanın iqtisadi bazasının formalaşdırılması və inkişafında müstəsna rol oynadı. Prezident İlham Əliyevin dediyi kimi “ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən yaradılmış potensiala əsaslanır”.

Elektrik energetikasında sürətli inkişafı təmin etmək məqsədilə hələ 1970-80-ci illərdə təxirəsalınmaz tədbirlər həyata keçirildi

Ölkə iqtisadiyyatının, onun sosial həyatının istər ötən əsrin 70-80-ci illərindəki, istərsə də müstəqillik dövründəki dinamik inkişafı bir çox mühüm amillərlə yanaşı, elektrik enerjisi sisteminə də sirayət edir. Elektrik energetikasında sürətli inkişafı təmin etmək məqsədilə hələ 1970-80-ci illərdə təxirəsalınmaz tədbirlər həyata keçirildi, bir sıra irimiqyaslı layihələr reallaşdırıldı. Məhz həmin illərdə Heydər Əliyev respublikanın elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödəməyi qarşıya məqsəd qoyaraq bu istiqamətdə gərgin fəaliyyət göstərdi. Demək olar ki, Azərbaycanda enerji təhlükəsizliyi sisteminin təməli həmin illərdə qoyuldu.
Bütün bu işləri görməklə ulu öndər Heydər Əliyev Azərbaycanın bu gününü əvvəlcədən görürdü və hesab edirdi ki, vaxt gələcək, bu işlər müstəqil Azərbaycan dövlətinə və xalqına xidmət edəcək.
Həmin dövrdə bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksəkgərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu.
Diqqət edək, əgər 1969-cu ilədək Azərbaycan elektrik enerjisi idxal edirdisə, 1982-ci ildə artıq ölkəmiz elektrik enerjisi ixrac edən respublikaya çevrildi. Bununla da, elektrik enerjisi sahəsində yeni inkişaf mərhələsinin başlanğıcı qoyuldu. Respublikaların maliyyə imkanlarının məhdud olduğu bir dövrdə çox böyük maliyyə vəsaiti tələb edən bu irimiqyaslı işlərin görülməsi üçün İttifaq büdcəsindən vəsaitin ayrılmasına nail olmaq həmin dövrdə heç də asan deyildi.
Heydər Əliyev 70-80-ci illərdə energetika sahəsində gördüyü işlər haqqında sonralar belə deyirdi: “Hər dəfə elektrik stansiyası tikilməsi haqqında SSRİ rəhbərliyi qarşısında məsələ qoyarkən mənə deyirdilər ki, SSRİ-də vahid elektrik enerjisi sistemi var və Azərbaycana nə qədər elektrik enerjisi istəyirsiniz verək. Mən deyirdim ki, yox istəyirəm bizim özümüzünkü olsun. Mən istəyirdim ki, müəyyən sahələrdə biz asılı olmayaq. Bu gün mən iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan elektrik enerjisi sahəsində asılı deyildir. Özü həmin elektrik stansiyalarında elektrik enerjisi istehsal edir”.
Xüsusilə qeyd etmək lazımdır ki, həmin dövrdə Bakı və onun qəsəbələrinin də elektrik təsərrüfatının inkişafında yeni mərhələ başlanmış oldu. Belə ki, həmin dövrdə Badamdar, Musabəyov qəsəbələrində, 8-ci kilometrdə, Əhmədli, Günəşli yaşayış massivlərində, Respublika stadionunun ətrafında və sair yerlərdə möhtəşəm tikinti işləri gedirdi. Məhz həmin illərdə Bakı Metropoliteninin yeni stansiyaları, “Gülüstan” sarayı, Respublika Əl Oyunları Sarayı, Bakı Dövlət Sirki, “Azərbaycan”, “Bakı”, “Abşeron” mehmanxanaları, elektrotexnika, elektron və digər sənaye sahələrinin iri müəssisələri istifadəyə verildi. Bütün bunların dayanıqlı enerji təchizatının təmin edilməsi bilavasitə Bakı Şəhər Elektrik Şəbəkəsinin üzərinə düşürdü və demək lazımdır ki, o, bunun öhdəsindən layiqincə gəlirdi.
70-ci illərdə Sovet İttifaqı ərazisində yüksəkgərginlikli elektrik enerjisinə 6 kilovatdan 10 kilovata məhz Bakıda keçildi və şəbəkənin 220/127 voltdan 380/220 volt gərginliyə keçilməsi təmin edildi. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu həmin dövrdə respublika iqtisadiyyatının sürətli inkişafına imkan verən və onun gələcəkdə iqtisadi cəhətdən müstəqilliyinə zəmin yaradan bir çox iri müəssisə və obyektlərin, o cümlədən Bakı Məişət Kondisionerləri, Heydər Əliyev adına Dərin Özüllər və Bakı Yeni Neftayırma zavodlarının tikintisinə nail olundu ki, onların elektrik enerjisi təchizatının təminatı üçün yeni inşa edilmiş 110 kilovoltluq yarımstansiyalar istismara verildi.

Enerji sektorunun inkişafına, enerji təhlükəsizliyinə böyük önəm verən Ulu Öndərin diqqəti sayəsində respublikamızın, o cümlədən Bakının elektrik şəbəkəsinin genişləndirilməsi və yenidən qurulması prioritet məsələyə çevrildi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə əsaslı islahatların aparılmasına başlanıldı. Azərbaycanın enerji sektorunun inkişafına, enerji təhlükəsizliyinə böyük önəm verən Ulu Öndərin diqqət və qayğısı sayəsində respublikamızın, o cümlədən Bakı şəhərinin elektrik şəbəkəsinin genişləndirilməsi və yenidən qurulması prioritet məsələyə çevrildi. 90-cı illərdə hər birinin uzunluğu 1,4 kilometr olan 1-ci və 2-ci Aeroprt (“Qala” və “Suraxanı” yarımstansiyaları arasında hava xəttindən budaqlanma), 1-ci H.Aslanov hava xətləri çəkildi. Bakı ətrafındakı Kürdəxanı, Şağan, Türkan, Zirə, Nardaran qəsəbələrinin enerji təminatını yaxşılaşdırmaq məqsədilə 35 kilovoltluq yarımstansiyalar, habelə 99, 202, 212, 213, 431 saylı və sair yarımstansiyalar istismara verildi.
Heydər Əliyevin xarici ölkələrə rəsmi və işgüzar səfərləri zamanı elektroenergetika təsərrüfatının yenidən qurulması məsələlərini də diqqət mərkəzində saxlayırdı. Tikintisi hələ 1984-cü ildən yarımçıq qalmış “Şəmkir” su elektrik stansiyasının (SES) davamı olan “Yenikənd” SES-in inşasının başa çatdırılması buna əyani misaldır. Sovet İttifaqı süqut edərkən buradakı tikinti işlərinin 60 faizi görülmüşdü. Lakin maliyyə vəsaitinin və düzgün idarəçiliyin olmaması səbəbindən müstəqillik dövründə - 1992-ci ildə SES-in tikintisi dayandırılmışdı. Ulu öndər Heydər Əliyev 1995-ci ilin dekabrında Böyük Britaniya və Şimali İrlandiya Krallığına işgüzar səfəri zamanı sərmayə məsələsinin həllinə nail oldu. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankı stansiyanın tikintisinin başa çatdırılması üçün maliyyə dəstəyi verdi. Energetiklərimizin və inşaatçılarımızın səylə, məsuliyyətlə işləmələri nəticəsində 2000-ci ilin dekabrında 150 meqavat gücü olan “Yenikənd” SES istifadəyə verildi.
Elektroenergetikanın inkişafı sahəsində Heydər Əliyev ideyalarını uğurla davam etdirən, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı da elektroenergetika sahəsindən yan keçmədi, üstəlik bir qədər də canlandı.
Yaradılma tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan müstəqil Azərbaycanın energetika sistemi, Prezident İlham Əliyev tərəfindən müxtəlif vaxtlarda təsdiq olunmuş Dövlət Proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində daha da inkişaf etdirilərək dünya standartlarına uyğun səviyyədə yenidən qurulmaqdadır.
Bu sahənin inkişaf etdirilməsində ölkənin enerji sisteminin 10 illik dövr üçün inkişaf istiqamətlərini müəyyən edən “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər Bakı şəhəri üzrə elektrik paylayıcı şəbəkəsinin dinamik inkişafının əsasını qoydu.
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı həyatımızın bütün sahələrində, o cümlədən elektroenergetika sisteminin inkişafında öz əksini tapdı. Ölkədə həyata keçirilən islahatlar elektrik təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunması üçün əlverişli şərait yaratdı.

Ölkə başçısının enerji sektorunda islahatların həyata keçirilməsinə başlaması elektroenergetika sahəsində yeni eranın başlanmasına səbəb oldu
On üç il bundan əvvəl Prezident İlham Əliyevin enerji sektorunda islahatların həyata keçirilməsinə başlaması elektroenergetika sahəsində yeni eranın başlanmasına səbəb oldu. Azərbaycan yenidən elektrik enerjisi idxal edən ölkədən elektrik enerjisi ixrac edən ölkəyə çevrildi. Bu gün bu sözləri cəsarətlə demək üçün, hansı əziyyətlərə sinə gərilib, nə qədər gecəli-gündüzlü əmək sərf edilib, bu da bir həqiqətdir.
Müasir elektroenergetika infrastrukturu çoxlarına bəlkə də məşəqqət dolu günləri, gecələri unutdurub. Amma ilk dəfə bu işə başlananda məsələ heç də asan deyildi. Çoxları bunu dəf olunmaz bir problem kimi də görürdü. 2006-cı ildə “Bakıelektrikşəbəkə” ASC-nin yaradılması ilə illərcə yığılıb qalmış problemlərin həllinə başlanıldı. Prezident İlham Əliyevin birbaşa iştirakı və yaxından dəstəyi ilə həmin çözülməz məsələlər tarixin arxivinə qovuşub.
İlk olaraq paytaxt Bakıda paylayıcı şəbəkələr dünya meqopolislərinə uyğun, bəzi məqamlarda daha irəli texnologiya ilə yenidən quruldu. Strateji məqsəd kimi tam şaxələndirilmiş və fasiləsiz ekoloji təmiz elektrik enerjisi istehsalının təmin edilməsi, beynəlxalq göstəricilərə uyğun səmərəlilik və keyfiyyət standartlarının yaradılması, elektrik enerjisi sahəsində məqsədləri reallaşdırmaq üçün əsas hərəkətverici mexanizmlərin işə salınması müəyyənləşdirildi. Aparılan yenidənqurma işləri nəticəsində Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı ildəki 3048 MVA-dan 2018-ci ilə 7000 MVA-ya qaldırıldı. Texniki itkilər 16,9 faizdən 7,8 faizədək endirildi.
Bu müddət ərzində güc defisiti və ifrat yüklənmələr dəf edildi. Paylayıcı elektrik şəbəkədə həyata keçirilən ən mühüm islahat Bakı şəhərində elektrik təchizatının dayanıqlığını və etibarlılığını təmin edən 110 kilovoltluq dairəvi təchizat sisteminin yaradılmasıdır. Bu da nəinki Bakı şəhərində, eləcə də respublikamızda bir ilk idi. Bu sistemin yaradılmasında məqsəd 220 kilovoltluq qovşaq yarımstansiyalarından 110 kilovoltluq elektrik şəbəkələri vasitəsilə enerjinin şəhərin müxtəlif yerlərinə ötürülməsi, həmçinin hər hansı mənbədən olan elektrik təchizatında fasilə yarandığı təqdirdə istehlakçının digər mənbə hesabına enerji ilə təmin olunmasıdır. Bu sxem günün istənilən vaxtında istehlakçıları elektrik enerjisi ilə dolğun, fasiləsiz təmin etməyə hərtərəfli imkan verir. İlk olaraq 110 kilovoltluq dairəvi sxem 220 kilovoltluq “Müşfiq” və “Xırdalan” qovşaq yarımstansiyaları arasında yaradıldı. Dairəvi sxemin yaradılması üçün yeni 110 kilovoltluq “Bayıl”, “İçərişəhər” və “Liman” yarımstansiyaları tikilib istifadəyə verildi. “Müşfiq” - “Badamdar” - “Bayıl” yarımstansiyalararası ikidövrəli 110 kilovoltluq hava xətləri kabel xətləri ilə əvəz edilib. Bu dairəvi sistem paytaxtın mərkəzindəki mühüm obyektləri - Bayraq meydanı, Milli Park, “Baku Crystal Hall”, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, habelə neft mədənləri, yaşayış massivləri və müxtəlif sosial və məişət obyektlərini fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edir.
Bakının Qaradağ, Binəqədi, Yasamal və Nəsimi rayonlarının elektrik təchizatında dayanıqlılığı və fasiləsizliyi təmin etmək üçün isə 220 kilovoltluq “Səngəçal” və “Müşfiq” qovşaq yarımstansiyaları arasında ikinci 110 kilovoltluq dairəvi sistem yaradıldı. Bunun üçün Xocəsən qəsəbəsində müasir tipli 110/35/10 kilovoltluq “Xocəsən” yarımstansiyası tikildi. 110 kilovoltluq “Dağlıq” və “Yasamal-2” yarımstansiyaları yenidən quruldu. Bu dairəvi sistem yeni tikilən metro stansiyalarını, Bakı Beynəlxalq Avtovağzal Kompleksini, Bakının su təchizatı sistemini, Bakı Stend Atıcılığı Kompleksini və digər obyektləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməyə imkan verir.
Həmçinin “Xırdalan” və “Nizami” yarımstansiyaları arasında üçüncü 110 kilovoltluq dairəvi sistem yaradıldı. Bu məqsədlə 110 kilovoltluq “BMKZ” və 204 saylı yarımstansiyalar qapalı tipli olmaqla yenidən tikildi. Bu yarımstansiyaları əlaqələndirmək üçün 36 km uzunluğunda 110 kilovoltluq ikidövrəli kabel xətti çəkildi. Eyni zamanda, 110 kilovoltluq “BMKZ” və 203 saylı yarımstansiyalar arasındakı hava xətləri kabel xətləri ilə əvəzləndi. Bu sistem Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Atletlər kəndi, Heydər Əliyev adına neft emalı zavodu və Heydər Əliyev prospektindəki dövlət əhəmiyyətli obyektləri - SOCAR, “Azərsu”, Milli Sağlamlıq Mərkəzi, Dövlət Neft Fondu və başqa obyektləri fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin edir.
Sayca dördüncü olan “Müşfiq”, “Xırdalan” və “Hövsan” yarımstansiyaları arasında 110 kilovoltluq dairəvi sistem 3 qovşaq yarımstansiyalarını əlaqələndirir. Bunun üçün 110/35/10 kilovoltluq 210 saylı və 110/35/10 kilovoltluq “Həzi Aslanov” yarımstansiyaları tikildi. Bu yarımstansiyalar da qapalı tiplidir və müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edildi. Onları qidalandırmaq məqsədilə 110 kilovoltluq “Liman” - “210” - “Həzi Aslanov” - “Radiozavod” - “Əhmədli” yarımstansiyaları arasında ikidövrəli kabel xətləri quraşdırıldı. Bu dairəvi sistemin məqsədi Xətai və Nizami rayonlarının əksər hissəsini, “Ağ Şəhər” layihəsini, Yeni Bulvar - Zığ arası sahilboyu inşa edilən həm yaşayış, həm istirahət, həm də sosial obyektləri dayanıqlı enerji ilə təmin etməkdir.
110/35/10 kilovoltluq 2x40 MVA gücündə yeni “Buzovna-2” yarımstansiyanın tikintisi ilə Abşeron yarımadasında olan 110 kilovoltluq paylayıcı şəbəkələrin respublikamızın şimal bölgəsi ilə əlaqələndirilməsi planının ilk mərhələsidir. Bununla 3 elektrik stansiyanın (“Şimal” ES, “Təmiz Şəhər” ES, “Sumqayıt” ES) və 2 ədəd 220 kilovoltluq qovşaq yarımstansiyanın (“Zabrat” və “Sənaye Qovşağı”) əlaqələndirilməsi ilə 110 kilovoltluq elektrik təchizatı sxeminin etibarlığı artırılır. Bundan əlavə, yeni inşa edilmiş “Buzovna-2” yarımstansiyası mövcud 35 kilovoltluq şəbəkə üçün mənbə olduğundan ayrı-ayrı 35 kilovoltluq dairəvi sxemə aid olan yarımstansiyaları əlaqələndirir. Bu da öz növbəsində mövcud 35 kilovoltluq yarımstansiyalar arasında dairəvi elektrik təchizat sxeminin, elektrik şəbəkələrinin dayanıqlı iş rejiminin yaradılmasına şərait yaradır. Prezident İlham Əliyevin 2011-ci ildə açılışında iştirak etdiyi Mərkəzi Dispetçer Xidməti də səhmdar cəmiyyətin ən uğurlu layihələrindəndir. Yeni tikilən və əsaslı şəkildə yenidən qurulan yarımstansiyalar SCADA (elektrik avadanlıqlarının vəziyyətinə nəzarət və idarəetmə) sisteminə qoşulur. 110 və 35 kilovoltluq yarımstansiyaların SCADA sisteminə keçməsi ilə onların uzaq məsafədən operativ idarə olunması təmin edilir. Bu sistem kompüter bazası əsasında qurulan və proqramlaşdırılan avtomatik uzaqdan idarəetmə sistemidir. Onun əsas funksiyası şəbəkəni və ya enerji sistemini operativ idarə edən dispetçerlə idarə olunan şəbəkə arasında birbaşa vizual əlaqə yaratmaqdan ibarətdir. SCADA vasitəsilə şəbəkənin elektrik avadanlıqlarına nəzarət və onları idarə etmək, təcili operativ əməliyyatlar həyata keçirmək, şəbəkədə gedən prosesləri təhlil etmək, hesabatlar hazırlamaq mümkündür. Bu sistemə qoşulan yarımstansiyalarda qəza baş verərsə, SCADA sistemində dərhal vizuallaşır. Dispetçer isə qəzanın baş verdiyi elektrik avadanlığını təyin edir, qəzanın yaranma səbəblərini aydınlaşdırır, hadisənin nəticələrinin qısa zaman çərçivəsində aradan qaldırılmasını həyata keçirir.

Paytaxtın enerji təsərrüfatında reallaşdırılan yenidənqurma işləri və uğurlu islahatlar təbii ki, ölkə başçısının diqqətində saxlanılır
Bakının enerji təsərrüfatında həyata keçirilən yenidənqurma işləri və uğurlu islahatlar təbii ki, ölkə başçısının diqqətində saxlanılır. Əldə olunan uğurlu nəticələr dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib və 2015-ci il fevralın10-da Prezident İlham Əliyevin Sərəncamına əsasən “Bakıelektrikşəbəkə” ASC-nin bazasında “Azərişıq” ASC yaradılaraq respublikamızın (Naxçıvan MR xaric) bütün paylayıcı şəbəkələri kollektivə etibar olunub. Prezident İlham Əliyevin “İşıqlı Azərbaycan” layihəsinin reallaşdırılması çərçivəsində bu işin yeni yaradılan “Azərişıq” ASC-yə tapşırılması qürurverici faktdır. ASC-nin kollektivi bundan sonsuz şərəf duyur və Bakıda həyata keçirilən islahatların bütün Azərbaycanı əhatə etməsi istiqamətində, ölkəmizin ən ucqar yaşayış məntəqələrinin belə, nura bələnməsi naminə yorulmadan və iftixarla çalışmaqdadır. Respublikamızın 57 rayon və şəhərini əhatə edən “Azərişıq” ASC 7 regional enerji təchizatı satış idarəsi üzrə fəaliyyət göstərir. ASC-nin əsas missiyası istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz etmək; yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə etmək; elektrik enerjisi istehsalçıları ilə əməkdaşlıqda şaxələndirməni təmin etmək; ən müasir texnoloji yeniliklərə əsaslanan idarəetməni formalaşdırmaq; istehlakçılara göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə təmin etmək və daim təkmilləşdirmək; elektrik enerjisinin texnoloji sərfiyyatını minimum səviyyəyə endirmək və sairdir. Təkcə bir faktı deyək ki, “Azərişıq” ASC yaradıldıqdan sonra da Bakıda aparılan yenidənqurma işlərinin miqyası səngiməyib. Ötən 4 ildə paytaxt və Bakı ətrafı qəsəbələrdə 7 ədəd 110 kilovoltluq yarımstansiya, 25 ədəd isə 35 kilovoltluq yarımstansiya tikilib və ya yenidən qurularaq gərginlik altına verilib. Paytaxtın inkişafda olan infrastrukturuna uyğun olaraq bu müddət ərzində müasir tələblərə cavab verən 780 ədəd komplekt transformator məntəqələri (KTM) quraşdırılıb, 9 ədəd PQ (6-10 kV) tikilib, 50 min 74 ədəd müxtəlif tipli dayaqlar basdırılıb. Paytaxt və ətraf qəsəbələr boyu müxtəlif gərginlikli ümumilikdə, 6170 kilometr uzunluğunda elektrik naqilləri çəkilib.
Prezident İlham Əliyev yeni strukturu yaradarkən kollektiv qarşısına bölgələrdə bütün elektrik təsərrüfatı Bakının səviyyəsinə qalxmalıdır tələbi “Azərişıq” kollektivinin əsas fəaliyyət devizi olub. Yaradıldığı çox qısa müddət ərzində, 2015-ci ildə “Azərişıq” ASC 3 yeni 110 kilovoltluq yarımstansiyanın inşasını başa çatdırıb - Bakıda “Buzovna-2”, Şəki rayonunda “Göynük” və Gədəbəy rayonunda “Gədəbəy”. Bundan başqa, 110 kilovoltluq 100-dək yarımstansiya təmir olunub. 35 kilovoltluq gücündə 22 yeni yarımstansiya istifadəyə verilib. Həmin gücdə 400-dək yarımstansiya təmir olunub. Bakıdakı ənənəyə sadiq qalan “Azərişıq” ASC Azərbaycanın qədim şəhəri olan Gəncədə də gözəl memarlıq abidəsinin yaratmağa nail olub. Gəncənin qədim şəhərsalma üslubuna uyğun olaraq tikilən yarımstansiyanın birinci mərtəbəsi daş üzlüklə, ikinci mərtəbəsi isə qırmızı kərpicdən olmaqla xüsusi memarlıq üslubunda inşa edilib. İnşaat işləri zamanı 1200 metr məsafədə asfalt yol salınıb, ətraf abadlaşdırılıb, yaşıllıq zolaqları yaradılıb. Yarımstansiya foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən guşə yaradılıb. Həmçinin 35/6 kilovoltluq “Nizami” yarımstansiyasında Qərb Regional Tədris Mərkəzi də istifadəyə verilib.
Xüsusi ilə nəzərə almaq lazımdır ki, ötən 4 ildə bu işlər əlavə investisiya vəsaitləri cəlb etmədən – “Azərişıq”ASC-nin tam daxili resursları hesabına həyata keçirilir. Hazırda 110 kilovoltluq şəbəkələr üzrə 12 ədəd - 110 kilovoltluq, 35 kilovoltluq şəbəkələr üzrə isə 41 ədəd 35 kilovoltluq yarımstansiya tikilir. On ədəd ofis binasının tikintisi aparılır. Ümumilikdə ötən 12 il ərzində belə ofis binalarının sayı 60-dan çoxdur.
Ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış köhnə transformatorlar yeni tip, qapalı KTM ilə əvəz olunur. “Azərişıq” ASC yarandığı 4 ildən artıq müddətdə 4500-dək bu cür yeni tipli KTM quraşdırılaraq istifadəyə verilib. ASC respublikamızın bütün şəhər və rayonları, kənd və qəsəbələrində, hətta ən keçilməz dağ silsilələrində, ən ucqar yaşayış məskənlərində belə, genişmiqyaslı işlər görməkdədir. Daha bir faktı diqqətinizə çatdıraq: Zaqatala rayonunun Qalal kəndi 35 illik fasilədən sonra 24 saat dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Bu kənd rayon mərkəzindən 30 kilometr məsafədə, Rusiya ilə sərhəddə yerləşir. Kənd sakinləri 35 il idi ki, işıqsız qalmışdılar. “Azərişıq” ASC daxili imkanları hesabına bu problem istənilən hava şəraiti üçün birdəfəlik həll olunub.
Tarixboyu elektrik enerjisi olmayan Astaranın ucqar Şəvqo kəndi də xoşbəxt kəndlər siyahısındadır. Meşəliyin içində, çaylar, qayalıqlar arasında, bir sözlə ən çətin relyefdə yerləşən bu kəndə texnikadan istifadə etmək mümkün olmadığından əl əməyi ilə şəbəkə qurulub. Ömrü boyu işığı olmayan 49 yaşayış evinin və ya 250-dən çox insanın elektrik enerjisi ilə təmin edilməsi üçün 2 km 10 kilovoltluq və 5 kilometr 0,4 kilovoltluq məsafədə özünüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətti çəkilib. Bir ədəd 10/0,4 kilovoltluq 63 kilovoltluq gücündə transformator məntəqəsinin fəaliyyəti təmin edilib. Abonentlərin evlərinə 49 ədəd sayğac quraşdırılıb.

“Azərişıq” ASC cəbhə bölgəsində yerləşən rayonlara da xüsusi diqqət göstərir
ASC tərəfindən 4 ildir ki, müharibə şəraitində olan ölkəmizdə cəbhə bölgəsində yerləşən rayonlara da xüsusi diqqət göstərilir. Düşmənlə təmas xəttində yerləşən Tərtər, Ağdam və Füzuli rayonlarında köhnəlmiş, istismara yararsız elektrik dayaqları dəyişdirilir, naqillər, transformatorlar yeniləri ilə əvəz edilir və müasir tipli yarımstansiyalar quraşdırılır. Bu bölgələrin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təminatı daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar müvafiq infrastrukturun yaradılması, o cümlədən ərazidə elektrik təsərrüfatının bərpa edilməsi istiqamətində “Azərişıq” ASC tərəfindən genişmiqyaslı işlər aparılıb. ASC tərəfindən Cocuq Mərcanlı kəndi ərazisində müasir standartlara cavab verən 35/10 kilovoltluq yeni yarımstansiya inşa edilib.
Son 13 ildə 1 milyonadək elektron-rəqəmsal sayğaclar istismara verilib və uçot komplekti ilə təchiz edilib. İlk dəfə olaraq, insan faktoru təsirinin minimallaşdırılması məqsədilə, məsafədən oxunma cihazları olan “Alfa metronika RTU” alış nöqtələrində quraşdırılıb və xüsusi proqram təminatı mərkəzi idarəetmə bazasına inteqrasiya olunub. Hazırda “Elster” tipli sayğaclar, quraşdırılma və istismar yerindən asılı olaraq: saatlıq, sutkalıq, həftəlik və aylıq (cari ay və ya 4 həftə müddəti götürülür) sərfiyyat göstəricilərini virtual yaddaş blokunda toplayır, avtomatik olaraq mərkəzə ötürür (əvvəlcədən qurulmuş virtual ssenari üzrə), eyni zamanda, istənilən müdaxilə və ya istismar şərtlərini pozan şərait yarandığı hallarda sayğac mərkəzə müvafiq xəbərdarlıq (alarmtipli) məlumatlarını da çatdırır. Generasiya olunan informasiyalar şifrələnir, mərkəzə çatdırıldıqda isə deşifrə olunaraq xüsusi cədvəllər şəklində monitorda əks etdirilir. Bu günədək 500-dən çox bu tip sayğaclar quraşdırılmış və uğurla istismar olunur.
2011-ci ildən tətbiqinə start verilmiş SMS Smart sayğacların istismarını tam şəkildə həyata keçirmək məqsədilə müəssisənin intellektual texnologiyalar mütəxəssisləri tərəfindən xüsusi SİMS proqram təminatı işlənib hazırlanıb. Bu proqram vasitəsilə SMS Smart sayğacların oxunması, balans artırılması, alarm - xəbərdarlıq mesajlarının alınması, məsafədən tarif cədvəlinin qurulması, abonentin ödənişləri/sərfiyyatı (gündəlik, həftəlik, aylıq, yarım illik və illik) haqda tam məlumatların alınması/verilməsi, abonentin mobil telefonuna faydalı məlumatların ötürülməsi təmin edilir. SMS Smart tipli sayğaclar GSM - mobil rabitə kanalı vasitəsilə, şifrələnmiş informasiya mübadiləsi rejimində fəaliyyət göstərir və funksional imkanları tətbiq şəraitinə uyğun qabaqcadan proqramlaşdırılır. 2011-2018-ci illərdə 100 mindən çox SMS Smart sayğac paytaxt rayonlarında və ölkəmizin müxtəlif regionlarında quraşdırılaraq istifadəyə verilib.
Əhali və qeyri-əhali istehlakçı qrupuna aid sifarişçilərin enerji təchizatı şəbəkəsinə qoşulması və sayğacların quraşdırılması “Azərişıq” ASC-nin yeni elektron xəritə sistemi vasitəsilə həyata keçirilir. “ASAN xidmət” mərkəzlərinin birgə fəaliyyəti ilə vətəndaşlara göstərilən xidmətdə mütəmadi yeniliklər edilir. Belə yeniliklərdən biri də Səyyar “ASAN xidmət” vasitəsidir. Evinə, bağına və ya tikinti obyektinə işıq çəkdirmək istəyən vətəndaş Səyyar “ASAN xidmət”ə sənədlərini təqdim edir. Qeyd olunan obyekt elektron xəritənin məlumat bazasında müəyyən edilir və şəbəkəyə qoşulması üçün məsafə, lazım olan mal-material, işin həcmi və görüləcək işlərin dəyəri müəyyənləşdirilir. Sifarişçi tərəfindən görüləcək işlərin dəyəri ödənildikdən sonra “Azərişıq” ASC-nin əməkdaşları operativ göstərilən ünvana yollanır, vətəndaşın obyektinə elektrik enerji xətti çəkilir, abonent üçün sayğac quraşdırılır.
Əvvəllər müraciətləri qeydə almaq, araşdırmaq, baxış keçirmək, məsafəni ölçmək, hesablamaq, qoşulma ilə bağlı xərclər, elektrik xəttini çəkmək və elektrik sayğacı quraşdırmaq üçün 10 gün vaxt lazım olurdusa, indi bir iş günü ərzində həllini tapır, şəffaflıq tam təmin olunur.
Qeyd edək ki, “ASAN xidmət”lə “Azərişıq” ASC-nin birgə göstərdiyi xidmətlər təkcə abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulması prosesi ilə yekunlaşmır. Eyni zamanda, abonentlərin elektrik enerjisinə ödənişlərinin (borclarının) araşdırılması, əhali və qeyri-əhali istehlakçısının ad dəyişməsi, üzləşmə aktlarının təqdim olunması, abonentin geniş tarixçəsinin verilməsi, smart kartların bərpası və yenilənməsi və sair xidmətlər göstərilir. Bütün bu müraciətlər “bir pəncərə” prinsipi əsasında təmin olunur. İstehlakçının istənilən tələb və təklifini dərhal etmək üçün səhmdar cəmiyyətdə “Qaynar xətt” fəaliyyət göstərir. Abonentin çağrışını dərhal icra etmək üçün “Qəza xidməti” də fəaliyyətdədir.
Abonentlərinə müxtəlif elektron xidmətlər də göstərən “Azərişıq” ASC-nin fəaliyyətində kadr siyasətinə də xüsusi diqqət verilir. Ən son elmi-texniki yeniliklərə əsaslanan texnologiya və avadanlıqlardan istifadə, eləcə də şəbəkənin inkişaf tempinin ildən-ilə sürətlənməsi və işin həcminin durmadan artması müasir tələblərə cavab verən yüksəkixtisaslı işçilərin sayının artırılmasını və fəaliyyətdə olan kadrların ixtisasının daha da təkmilləşdirilməsi üçün elektroenergetika sahəsində ilk dəfə olaraq müasir tələblərə cavab verən tədris mərkəzi yaradılıb. Görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinə görə ümumi yığım səviyyəsi 95 faizə çatdırılıb.

“Azərişıq” fəaliyyəti ərzində generasiya güclərinin artırılmasında da fəal iştirak edir
ASC fəaliyyəti ərzində generasiya güclərinin artırılmasında da fəal iştirak edir. Azərbaycan Prezidentinin 2017-ci il 22 dekabr tarixli Sərəncamın icrası ilə əlaqədar “Azərişıq” ASC-nin balansına verilmiş Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən külək elektrik stansiyalarda (KES) təmir və bərpa işlərinə başlanılıb. Stansiyaların istehsal etdiyi elektrik enerjisini ötürülməsi üçün “Yeni Yaşma” KES-in ərazisində 20/110 kilovoltluq 2x40 MVA gücündə və 10/35 kilovoltluq 4 MVA gücündə yarımstansiyalar inşa edilib, 110 kilovoltluq 4-cü Yaşma və 35 kilovoltluq Yaşma Bağları hava xətləri ilə əlaqələndirilib. Ötən il oktyabrın 12-də dövlət başçısının iştirakı ilə alternativ enerji mənbəyi olan bu stansiyaların açılışı olub və daha bir layihə uğurla başa çatdırılıb.
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinə uyğun olaraq “Azərişıq” ASC-yə aid 3 strateji hədəf, 3 prioritet istiqaməti əhatə edən 11 tədbir üzrə müvafiq işlər tamamilə yerinə yetirilib.
“Azərişıq” ASC tərəfindən 2025-ci ilədək respublika üzrə elektrik enerjisinə olan tələbatın proqnoz göstəricilərinə dair məlumatlar hazırlanaraq, “Azərenerji” ASC ilə razılaşdırılıb, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən 2030-cu ilə qədər tikintisi nəzərdə tutulan obyektlərin elektrik enerjisinə olan tələbatın proqnoz göstəriciləri hazırlanaraq Energetika Nazirliyinin işçi qrupuna təqdim edilib. Bir sözlə, respublikanın bütün istehlakçılarının fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər davam etdirilməkdədir.
Artıq ölkəmiz Prezident İlham Əliyevin dəqiq müəyyənləşdirdiyi strateji hədəflər, düşünülmüş strategiya ilə elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilərək davamlı inkişafı ilə regionun lider dövləti statusuna sahib çıxıb. Dünya birliyinin etibarlı tərəfdaşı olan Azərbaycanın adı inkişaf etməkdə olan dövlətlər sırasında çəkilməsi isə bizə xüsusi qürur verir. Təbii ki, bu qürur hissi öncəliklə dövlət başçısı, Prezident İlham Əliyevin şəxsinə aiddir. Onun gərgin əməyi və səyləri nəticəsində müəyyənləşən yeni inkişaf konsepsiyası ölkəmizin enerji sektorunun da başabaş yenilənməsinə səbəb olub. Bu işdə az da olsa payımızın olması bizə sevinc hissi bəxş edir. Bugünkü işıqlı günlər, sevincli anlar dünyaya günəş kimi nur saçan möhtəşəm bir ölkənin - Azərbaycanın təntənəsidir.

Tanrıverdi Mustafayev
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri

Energetika 2019-07-13 15:36:00