×
A
A
A
Sazlamalar

14 iyul xalqımızın tarixi taleyində misilsiz rolu olan gün kimi həmişə xatırlanır

Bakı, 13 iyul, AZƏRTAC

İyulun 13-də Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Badamdar qəsəbəsindəki Heydər Əliyev Parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bildirib ki, 14 iyul 1969-cu il Ulu Öndərin Azərbaycanda siyasi olimpə yüksəldiyi gündür. Ulu öndər Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq oldu. Görülən məqsədyönlü tədbirlər nəticəsində qısa zaman kəsiyində Azərbaycan aqrar ölkədən gündən-günə inkişaf edən sənaye ölkəsinə çevrildi. Sənaye ilə yanaşı, ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən kənd təsərrüfatı da inkişaf etdirilirdi. Ulu öndər Heydər Əliyev ölkədə elmin və təhsilin yüksəlməsinə, yeni ali məktəblərin və ali məktəblərdə yeni ixtisasların açılmasına, Azərbaycan gəncinin mükəmməl bilik alaraq cəmiyyətin fəal üzvünə çevrilməsinə hər cür şərait yaratdı. 14 iyul xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunub. Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı bugünkü nailiyyətlərə addım-addım gətiriblər. Bu gün Azərbaycan ölkə vətəndaşlarının tam etimad bəslədiyi, özünə alternativsiz lider olaraq gördüyü Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, özünün intibah dövrünü yaşayır. Ümummilli Liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində müstəsna xidmətləri olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Mehriban Əliyeva Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli ilə, yoxsul və ehtiyacı olan insanlara maddi və mənəvi dəstək verməklə, səhiyyə, təhsil, mədəniyyət sahələri üzrə irimiqyaslı layihələri reallaşdırmaqla yanaşı, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin dünya ictimaiyyətinə çatdırılmasına, onların həllinə daim diqqətlə yanaşır.
Tədbirdə Milli Məclisin deputatları Aqil Abbas, Tahir Rzayev, Xalq artisti Mənsum İbrahimov, Silahlı Qüvvələrimizin zabiti, Aprel döyüşləri iştirakçısı polkovnik-leytenant Eldəniz Sadıqov və çıxış edən digər ziyalılar ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlərindən, xalqın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan söhbət açıblar.

Daxili siyasət 2019-07-13 15:32:00