×
A
A
A
Sazlamalar

AMADA Azərbaycanda satılan idman qidasında dopinq aşkar edib

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idman qidaları və bioloji fəal əlavələri qəbul edən iki idmançının nümunələrində qadağan olunmuş anabolik maddələri aşkarlayıb. Həmin qidaların tərkibində metilstenbolon, metandienon, mestanolon, metiltestosteron, 1-androstenedion, 1-testosteron, oksimesteron maddələri müəyyən edilib.
AMADA-dan AZƏRTAC-a bildiriblər ki, idmançılardan Azər Əhmədov (atletika) 18 aylıq, Rüfət İsmayılov (cüdo) isə 12 aylıq diskvalifikasiyaya məruz qalıblar. Antidopinq qaydalarına əsasən, ilkin olaraq hər iki idmançıya dörd illik diskvalifikasiya tətbiq edilib. Lakin AMADA-nın təşəbbüsü ilə keçirilən təhqiqat nəticəsində cəza müddəti azaldılıb.
Beləliklə, Rüfət İsmayılovun ötən il may 22-dən başlayan diskvalifikasiya müddəti bu il mayın 22-də başa çatıb. Azər Əhmədovun isə 2017-ci il noyabr 23-dən başlayan cəza müddəti bu il mayın 23-də bitib.
AMADA-nın araşdırması zamanı məlum olub ki, nümunələrdə dopinqin aşkar edilməsi idmançılar tərəfindən qida əlavəsinin istifadəsi ilə bağlıdır. İdmançıların izahatına əsasən, onlar “Mega Sport” şirkətinin istehsalı olan “AMINO Hardcore” əlavələrini qəbul ediblər. İdmançılardan götürülmüş qida əlavəsi qutularının üzərində onun tərkibinə qadağan edilmiş maddələrin daxil olması haqqında məlumatın olmamasını nəzərə alaraq, AMADA həmin qida əlavələrini Köln şəhərində yerləşən və Ümumdünya Antidopinq Agentliyi (ÜADA) tərəfindən akkreditasiya edilmiş laboratoriyaya göndərib. Antidopinq qaydalarına əsasən, idman qidaları və bioloji fəal əlavələr yalnız qeydiyyata alınmış antidopinq qayda pozuntusunun araşdırması zamanı müayinə üçün laboratoriyaya göndərilir.
Müayinə nəticəsində həmin qida əlavələrinin metilstenbolon, metandienon, mestanolon, metiltestosteron, 1-androstenedion, 1-testosteron, oksimesteron maddələri ilə kontaminasiya olunduğu müəyyən edilib.
Bununla əlaqədar AMADA xəbərdarlıq edir ki, idman qidaları və bioloji fəal əlavələrin idmançılar tərəfindən istifadəsi onlarda dopinqin aşkarlanmasına gətirib çıxara bilər. Həmçinin idman qidası və bioloji fəal əlavələrinin istehsalçısının öz məhsulunun tərkibi haqqında natamam və ya yanlış məlumat göstərməsi mümkündür. Amma bu, qida əlavəsini qəbul edən idmançıları dopinq testi nəticəsinin müsbət halında məsuliyyətdən azad etmir.

İdman 2019-07-13 15:21:00