×
A
A
A
Sazlamalar

Yevlax rayonunun Cırdaxan meşəbəyliyində 4,3 hektar ərazidə quru ot örtüyü və yulğun kolları yanıb

Bakı, 13 iyul, AZƏRTAC 

İyulun 12-də axşam saatlarında Yevlax rayonunun Cırdaxan meşəbəyliyində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti tərəfindən gecə saat 12 radələrində söndürülüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilkin hesablamalara görə 4,3 hektar ərazidə quru ot örtüyü, yulğun kolları yanıb, bəzi ağacların alt budaqları ütülüb, oduncaq itkisi qeydə alınmayıb.
Yanğının ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinin güclü külək nəticəsində toqquşmasından çıxan qığılcımdan baş verdiyi ehtimal olunur.
Nazirlik vətəndaşlardan xahiş edir ki, təbiət ərazilərində olarkən odla ehtiyatlı davransınlar, yanğın gördükləri zaman dərhal yerli meşə idarələrinə və nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat versinlər.

Ekologiya 2019-07-13 15:06:00