×
A
A
A
Sazlamalar

“Qaçqınlarla birgə addımlayaq” layihəsi çərçivəsində qaçış yarışı təşkil olunub

Bakı, 13 iyul, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) “Qaçqınlarla birgə addımlayaq” qlobal kampaniyasına dəstək məqsədilə qaçış yarışı keçirib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycan nümayəndəliyi tədbirin təşkilində yaxından iştirak edib.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xidmətin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının, miqrasiya könüllülərinin, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT), Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) təmsilçilərinin iştirak etdikləri yürüşün məqsədi “Qaçqınlarla birgə addımlayaq” qlobal kampaniyasına dəstək vermək, dünyada mövcud qaçqın və məcburi köçkünlərin problemlərinə diqqəti artırmaq, eləcə də sağlam həyat tərzini təbliğ etməklə insanları xeyirxah amallar ətrafında birləşdirməkdir.
“Qaçqınlarla birgə addımlayaq” layihəsi çərçivəsində təşkil olunan yürüşə 60-a yaxın iştirakçı qatılıb. İştirakçılar “Ağ şəhər” bulvarı boyunca dörd kilometr məsafəni qət ediblər.
Yarışda kişilər arasında Elmar Mürsəlov qalib olub. Tuncay Şamil finiş xəttini ikinci keçib. Elfan Quliyev üçüncü yerə layiq görülüb. Qadınlar arasında ən yaxşı nəticəni Elnarə İsmayılova göstərib. Aydan Seyidova finişə ikinci, Fidan Qələndərova isə üçüncü çatıblar.
Qaliblərə diplom və pul mükafatları təqdim edilib.

Sosial 2019-07-13 14:07:00