×
A
A
A
Sazlamalar

Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda yeni yüksəliş mərhələsi başladı

Bak, 13 iyul, AZƏRTAC

Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbər seçilməsinin 50-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Bu barədə AZƏRTAC-a icra hakimiyyətindən məlumat verilib.
Tədbiri açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 14 iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışıb. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran icra başçısı Ümummilli Liderin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini, onun hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsinin başladığını qeyd edib. Bildirib ki, Azərbaycan xalqının demokratik, hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Sonra deputat Mixail Zabelin çıxış edərək bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin qayəsində Ulu Öndərin ideyalarının dayandığını söyləyib. O, Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasətin ölkəmizə daha böyük uğurlar gətirəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən iqtisad elmləri doktoru, professor Qəzənfər Abbasov ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini danışıb.
Deputat, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Ulu Öndərin siyasi fəaliyyətindən bəhs edib.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov ulu öndər Heydər Əliyevin ali idarəçilik keyfiyyətlərindən və liderlik xüsusiyyətlərindən danışıb.
Sonda Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ölkəmizdə yeni yüksəliş mərhələsi olduğunu, bütün dövrlərdə gücünü, dərin zəkasını xalqının yolunda sərf edən Ümummilli Liderin daxili və xarici təzyiqlərə, çətinliklərə baxmayaraq, müstəqil Azərbaycan dövlətini yaratdığını qeyd edib.

Daxili siyasət 2019-07-13 14:03:00